...

"Biz sülh istəyirik" (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2015 16:56 (UTC +04:00)
ƏƏSMN-in sosial xidmət müəssisələrinin sakinlərinin iştirakı ilə Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib.
"Biz sülh istəyirik" (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç., 14) 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş "Dünyamızı qoruyaq" adlı tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə ƏƏSMN-in əməkdaşları, əlil ictimai birliklərinin və ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev BMT tərəfindən Beynəlxalq Sülh Gününün təsis olunması tarixindən bəhs edərək, artıq 35 ilə yaxındır ki, dünya əhalisi tərəfindən bu günün qeyd olunduğunu vurğulayıb. Xidmət rəisi bildirib ki, Beynəlxalq Sülh Günü həmişə özünün sülhsevərliyi və tolerantlığı seçilən, eyni zamanda, ərazisinin 20 faizi Ermənistanın işğalına məruz qalan, bu səbəbdən bir milyondan çox qaçqın və məcburi köçkünün mövcud olduğu Azərbaycan üçün də xüsusi önəm kəsb edir. Hələ 1994-cü ilin may ayında ümummili liderimiz Heydər Əliyevin səyləri nəticəsində cəbhədə atəşkəsə nail olunması, qan tökülməsinin qarşısının alınması ümumən regionda sülhə və əmin-amanlığa böyük töhfə oldu, ölkəmizdə sabitlik və uzunmüddətli inkişafa şərait yaratdı.

Tədbirdə vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında və sülh yolu ilə aradan qaldırılması istiqamətində ulu öndərimizin müəyyən etdiyi müdrik siyasət Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün sürətli tərəqqi dövrünü yaşayan Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir və ordumuz ölkəmizin ərazi bütövlüyünü qısa bir müddətdə təmin etməyə qadirdir. Buna baxmayaraq, Azərbaycan dövlətinin siyasəti bu münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasına, regionda sülhün və əmin-amanlığın təmin edilməsinə yönəlib. Təcavüzkar Ermənistanın bu qətnamələrə məhəl qoymamasına, işğalı hələ də davam etdirməsinə baxmayaraq, Azərbaycan sülhsevər siyasətini əzmlə davam etdirir. NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan ölkəmiz dünyada sülhün və təhlükəsizliyin təminatına yönələn tədbirlərdə də daim fəal iştirak edir.

Daha sonra ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənclərinin, eləcə də nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərinin, Müharibə və əmək əlilləri üçün pansionatın sakinlərinin sülh mövzusuna həsr olunmuş yaradıcılıq işlərindən ibarət "Biz sülh istəyirik" adlı sərgi və ədəbi-musiqili kompozisiya təqdim olunub. Sərgidə qeyd olunan mövzuda 200-dək əl işi nümayiş etdirilib.

Tədbir iştirakçıları Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili, onların sosial reabilitasiyası üçün müasir tələblərə uyğun səviyyədə yaradılmış şəraitlə də yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti