...

Laçınlılar Ali Baş Komandanın əmrinə hər an hazırdırlar (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2015 18:15 (UTC +04:00)
Laçınlılar işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bəyan ediblər
Laçınlılar Ali Baş Komandanın əmrinə hər an hazırdırlar (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən komanda qərargah hərbi oyunları uğurla davam edir. Azərbaycan ordusunun güc və qüdrətinin, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəlməsini nümayiş etdirən bu irimiqyaslı təlimlər xalqımızın vətənpərvərlik ruhunu, orduya və hazırda işğal altında olan torpaqlarımıza böyük qayıdışa inam hissini daha da artırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində iki mindən çox sakinin iştirakı ilə keçirilən tədbir xalqımızın orduya, qələbəyə olan bu inam hissini göstərirdi.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbədəki abidəsini və Şəhidlər abidə kompleksini ziyarət ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev bildirib ki, bir neçə gündür davam edən təlimlər Laçın əhalisinin də böyük ruh yüksəkliyinə səbəb olub. Əli silah tutan gənclər, eləcə də müharibə veteranları ordu ilə həmrəyliklərini, Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan etmək üçün belə bir aksiyanın keçirilməsini xahiş ediblər.

Müəllimlərdən Elməddin Əkbərli, Dağbəyi Abbasov və Eynulla Axundov yeni dərs ilinin başlamasına qısa bir vaxt qalmasına baxmayaraq, müəllim kimi sinif otaqlarına deyil, döyüşçü kimi ön səngərə getməyə hazır olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Əlil olmasına baxmayaraq Qarabağ müharibəsinin birinci mərhələsində fəal iştirak etmiş döyüşçü Firdovsi Təhməzov bu gün də qəlbinin atəşi ilə döyüşə hazır olduğunu qeyd edib və hamını bir bayraq altında Qarabağ uğrunda birləşməyə səsləyib.

87 yaşlı el ağsaqqalı Məhəmməd Bəxtiyarov Laçına qayıtmayınca ölümə can verməyəcəyini bildirib və ixtiyar çağında da əsgərlərlə bir yerdə döyüşə atılacağına and içib.

Şəhid anası Yasəmən İsmayılovanın dediyi "Şəhidlərin intiqamını almaq vaxtı çoxdan çatıb. Mən də sizinlə birlikdə döyüşə getməyə hazıram!" sözləri tədbir iştirakçılarında kövrək duyğular oyadıb.

Seyid nəvəsi Arif Həsənov əlində bayraq qarşıya çıxaraq gənclər adından and içib ki, biz bu bayrağı tezliklə əzəli və əbədi torpaqlarımızda yenidən dalğalandıracağıq.

Komanda qərargah hərbi oyunlarından tədbirə gələn Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani ordumuzun arxasında bütün xalqın durduğunu və Azərbaycan əsgərinin bundan güc aldığını vurğulayıb. O, ordu ilə xalqın həmrəyliyini yüksək qiymətləndirərək Müdafiə Nazirliyi rəhbərliyinin və Silahlı Qüvvələrin şəxsi heyətinin minnətdarlığını laçınlılara çatdırıb.

Bildirilib ki, sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6 mindən artıq hərbi vəzifəli toplanışa cəlb olunub. Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin, icra strukturlarının, hərbi hissələrin qarşısına toplaşan yüzlərlə müharibə veteranı, gənclər nəinki təlimlərə qoşulmaq, eləcə də işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələrinin iqtisadi, siyasi, hərbi böhranla üzləşdiyi bir dövrdə müstəqil respublikamız tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir, ordumuz gündən-günə qüdrətlənir. Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqlarımızı istənilən vaxt azad etməyə hazır və qadirdir. Lakin ölkə rəhbərliyi Dağlıq Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllini üstün tutur. Əgər düşmən məkrli niyyətindən əl çəkməzsə, o zaman ordu ilə xalqın birliyi öz sözünü deyəcək.

Qarabağ müharibəsi veteranları, gənclər çıxışlarında getdikcə daha da güclənən Azərbaycan ordusu ilə qürur duyduqlarını və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs döyüşlərə hazır olduqlarını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti