Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda "Təhsil haqqında" qanuna magistratura ilə bağlı dəyişiklik edilir. Trend-in məlumatına görə, dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən qanunun 22.5-ci maddəsində "təhsil müəssisələrində" sözlərindən sonra "və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda" sözləri əlavə edilib.
Qanunun hazırkı maddəsinə əsasən isə magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.