...

Ağdaşın içməli su probleminin tam həllinə az qaldı (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2015 17:17 (UTC +04:00)
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) tərəfindən birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.
Ağdaşın içməli su probleminin tam həllinə az qaldı (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) tərəfindən birgə maliyyələşdirilən "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması işlərinə 2008-ci ildə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirilən "Şəhər su təchizatı və kanalizasiya layihəsi"nin icrası ilə başlanılıb Bu layihə çərçivəsində 3 ədəd subartezian quyu qazılıb, sugötürücü kamera, xlorator binası və 2000 kubmetr tutumu olan su anbarı inşa edilib. Eyni zamanda 2 km uzunluğunda magistral su xətti çəkilərək mövcud şəbəkə ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası, "Ağdaş Sukanal" TSC üçün inzibati bina və istehsalat bazası inşa edilib. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılıb.

Ağdaş şəhərinin su və kanalizasiya infrastrukturu tamamilə yenidən qurulması 2012-ci ildə icrasına başlanılmış "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusu qazılıb. Layihəyə uyğun olaraq şəhərdə 141 kilometr uzunluğunda su şəbəkəsi yaradılıb, 5200 ünvana birləşmə verilib. İndiyədək 4521 abunəçi smart sayğaclarla təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Bununla paralel olaraq şəhərin kanalizasiya sistemləri də yenidən qurulur. İnşası nəzərdə tutulan 127 km-lik kanalizasiya şəbəkəsinin tikintisi tam başa çatmaq üzrədir. Ağdaş şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və hər birinin məhsuldarlığı sutkada 12500 kubmetr olan iki çirkab sutəmizləyici qurğuda həyata keçiriləcək.

Qeyd edək ki, Ağdaş şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri 1950-60-cı illərdə yaradılıb. Türyançayın yatağında yaradılmış drenaj qurğusu uzun illər boyu sel və daşqınlara məruz qaldığından istismar imkanlarının böyük bir hissəsini itirib. Paylayıcı su şəbəkəsi ilə Ağdaş şəhərinin 26 130 nəfər əhalisinin təqribən yarısının normal su təchizatını aparmaq mümkün olub. Ağdaş şəhərində 1960-1965-ci illərdə tikilmiş 18 km uzunluğunda kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti