...

"Azərbaycanın geosiyasəti"

Cəmiyyət Materials 12 Oktyabr 2015 14:01 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
"Azərbaycanın geosiyasəti"

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Fikrimcə, İran dövləti bundan sonra özünün milli təhlükəsizliyini qorumaq şərti ilə, geosiyasi maraqlarını nəzərə almaqla birincisi, ölkədə söz azadlığını, sərbəst toplanmaq qaydalarını, iqtisadi liberallaşmanı daha da gücləndirməyi, milli kimliyinə görə təqib olunmaları dayandırmalı, demokratik ab-havanı inkişaf etdirməli, hər kəsə casus damğası vurmağı dayandırmalı, insanlara qul kimi deyil, azad və sərbəst olmağa, bir ölkədən digər ölkəyə sərbəst yerdəyişməyə əngəl olmamalıdır;

ikincisi isə, qonşu dövlətlər, o cümlədən digər dövlətlərlə normal əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini, regionda hegemon olmaq iddiasından əl çəkməklə, siyasi liderlik deyil, iqtisadi liderliyə üstünlük verməklə, yazdıqlarımızı həyata keçirərsə bu ölkə daha çox üstünlüklər qazana bilər; siyasi və iqtisadi yarışmalarda daha çox liderlik xüsusiyyətlərini özündə cəmləşdirər. İndi orta əsrlər deyil ki, bütün dünya, eyni həyat tərzi keçirsin, yalnız dini baxışlarına görə fərqlənsinlər.

Üçüncüsü, İran dövləti teokratik rejimdən imtina etməli, dünyəvi dövlət olmaq üçün addımlar atmalı, din siyasəti dövlət siyasətindən ayırmalıdır. Düşünürəm ki, bu İran dövlətini daha da gücləndirər, başqa dövlətlər də bu ölkə üçün deyilən islamafob düşüncələrini özündən uzaqlaşdırar. İslahatlar aparmaqdan qorxmaq lazım deyil, onu həyata keçirmək istəməyənlərdən, əngəlləyəndən uzaq olmaq gərəkdir.

Hörmətli professorun fikrincə, son illər Qafqaz və Xəzər hövzəsində Qərbin mövqelərinin güclənməsinin qarşısısını ala bilməyən İran hazırda öz diqqətini daha çox Şərq regionuna yönəldir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə İranın "qaz diplomatiyası" ciddi uğurlar əldə edib. Buna İranın Hindistan və Pakistanla dəyəri 4 milyard ABŞ dolları həcmində olan yeni qaz kəməri tikintisinin əldə etməsini göstərmək olar. Öz növbəsində enerji daşıyıcılarına tələbatı gündən-günə artan Çin də İrandan qaz almaq niyyətindədir və bunun üçün Tehranla 25 illik müqavilə imzalayıb. Xəzər hövzəsinə İranın münasibətinə gəldikdə isə müəllif yazır: "İranın Fars körfəzi və Xəzər dənizində zəngin neft-qaz ehtiyatları mövcuddur. Bu ölkənin ən zəngin neft-qaz yataqları Fars körfəzində yerləşir və buna görə də Xəzər şelfindəki ehtiyatların istifadəsi İran üçün ikinci dərəcəli məsələdir. Lakin...

"Mütəxəssislər İranın Xəzər hövzəsindəki hərbi-geostrateji maraqlarını əsasən aşağıdakı kimi təsnif edirlər:

- Mərkəzi Asiyada və Cənubi Qafqazda bütövlükdə sabitliyi, təhlükəsizliyi dəstəkləməklə və islam dinini fəal şəkildə yaymaqla özünün şimal bölgəsi Xəzər dənizi üzrə sərhədlərinin təhlükəsizliyini və dayanıqlılığını təmin etmək;
- beynəlxalq təcridetmədən çıxmaq siyasəti çərçivəsində region dövlətləri ilə qarşılıqlı münasibətləri qaydaya salmaq;
- bölgədən kənar dövlətlərin və hərbi blokların Mərkəzi Asiya və Cənubi Qafqaza, Xəzər hövzəsinə daxil olmasının qarşısını almaq və s". (Bax. s. 363-363)

Qeyd edək ki, indinin özündə də İran Azərbaycana "təhlükə və qorxu mənbəyi" kimi baxır, bəzi məsələlərə, xüsusən də bu dövlətin şimalında yaşayan azərbaycanlılara münasibətdə özünün fikirlərinə şübhə toxumu əkir, bununla da belə qənaətə gəlir ki, Azərbaycan dövləti Güney və Quzey Azərbaycanı birləşdirməkdə israrlıdır və ölkənin milli təhlükəsizliyinə və suveren hüquqlarına, daxili və xarici siyasətinə müdaxilə etmək istəyir. Bütün bunları əngəlləmək üçün İran qabaqlayıcı tədbirlər görür, dini, ideoloji təbliğatlara milyonlarla vəsait ayırır, hətta Bakı kəndlərinin birində ifrat şiəliyin təbliğatına rəvac verərək özünün anklavını yaratmağa cəhd edir. Əlavə edək ki, bu təbliğat maşınları, hətta rəsmilərimizi belə təhqir etməkdən çəkinmirlər. Məsələn, son illərdə əleyhimizə aparılan bir çox ideoloji və siyasi təxribatlarda İranın "Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu"nun adı keçir. Yaxud, İran tərəfi bu şübhələrə söykənərək nəinki Azərbaycan, hətta deyərdim ki, dünya üçün həssas olan bir məsələyə yanaşmada, yəni Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi kimi münasibətlərdə rəsmi Tehran, onun ictimai strukturları ziddiyyətli mövqe nümayiş etdirir, Ermənistanla əməkdaşlığı strateji səviyyəyə qədər qaldırır, bir çox məsələlərdə Ermənistana dəstək verməkdən belə çəkinmir. Görünən budur ki, rəsmi Tehran dini ayrı-seçkiliyi fərqli mədəniyyətin olmasına nəzərə almadan Ermənistan tərəfə hərtərəfli yardım edir, onun bölgədə "sovrulmağına imkan vermir. Bu da İranın geosiyasi, hərbi-geostrateji maraqlarından irəli gəldiyi üçün və Azərbaycan tərəfinin maraqlarının nəzərə alınmaması cəmiyyətimizdə istər-istəməz narazılıq yaradır, ölkə əhalisində haqlı olaraq suallar doğurur ki, Azərbaycan tərəfi Ermənistanla müharibə şəraitindədirsə İran dövləti Qarabağ məsələsinə birmənalı münasibət bidirmir, hətta ermənilərə rəsmi dövlət səviyyəsində "əmioğlu" deməkdən belə çəkinmirlər. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi dəfələrlə İranı öz ölkəsinin "regiondakı ən sadiq tərəfdaşı" adlandırmış, Qarabağ məsələsində nümayiş etdirdiyi "balanslaşdırma" mövqeyə görə ona xüsusi minnətdarlıq etmişdi. Bu sözlər ardıcıl olaraq İrana münasibətdə eks prezidentlərin Ter-Petrosyanın və R Körəryanın İranda səfərdə olarkən dillərindən təzahür edilib: "İran sərhədi bir neçə gün bağlasaydı, xilas yolumuz olmayacaqdı" , "Müharibə zamanı İranın Ermənistana etdiyi yardımlar xüsusi əhəmiyyətə malikdir". Bir sözlə İran rəsmiləri Türkiyə rəsmiləri kimi "Ermənistan dövləti Azərbaycanın ilhaq etdiyi torpaqları boşaltmayana qədər Türkiyə kimi bu ölkə ilə sərhəd, iqtisadi və diplomatik əlaqələri qurmayacaq" sözlərini deyə bilmir, əksinə iki dövlət arasında, yəni İran-Ermənistan münasibətlərinin ən yüksək səviyyəyə qaldırmaqda maraqlı görünürlər. İran Azərbaycanın ən həssas məsələsinə belə yanaşma sərgiləyirsə, Azərbaycan ictimaiyyəti nə düşünməlidir? Söyləməlidir düz edirsən?

Bu ölkə ictimai strukturların dili ilə müstəqil Azərbaycan dövlətini özünün "tarixi torpaqları" adlandırmaqdan çəkinmir, arzu edir, təşfiq və təbliğat aparır ki, ictimaiyyətdə də bu fikirlər formalaşsın və gələcəkdə AP-i özünə birləşdirsin.

Əli Həsənov yazır: "İran özünün Cənubi Qafqaz regionundakı geostrateji məqsədlərini gizlətmir. Bu məqsədlər:

• kənar qüvvələrin (ABŞ, NATO və Avropa İttifaqı və s.) Cənubi Qafqazda iştirakını mümkün qədər məhdudlaşdırmaq, onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək;
• regional problemləri yalnız bölgədəki dövlətlərin birgə səyləri ilə həll etmək;
• Xəzər hövzəsi və Cənubi Qafqaz ölkələrinin İranın iradəsindən kənar addımlarını maksimum məhdudlaşdırmaq və proseslərdə birgə iştiraka nail olmaq üçün mexanizm tapmaq;
• Qərbyönümlü siyasət yürüdən region dövlətləri ilə münasibətləri yüksək səviyyədə quraraq onlara təsir mexanizmlərini müəyyənləşdirmək;
• hərbi-geostrateji maraqları İranla üst-üstə düşən region ölkələri ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığı daha da möhkəmləndirmək və s. ibarətdir". (Bax. s. 365-366)

Doğru olaraq qeyd edilir ki, İran İslam Respublikası özünü Cənubi Qafqazda möhkəmləndirə bilmədikdə, XXI əsrin əvvəllərindən başlayaraq Orta Asiya da daha da fəallaşmağa başladı, baxmayaraq ki, Orta Asiyanın əksər respublikaları sünni məzhəbi təmayüllüdürlər. Qeyd edək ki, İranın ən güclü dayağı bu dövlətlər arasında Tacikistan respublikasıdır. Belə ki, hər iki dövlətin dil və din yaxınlığı onları daha da yaxınlaşdırır, amma Tacikistan prezidenti Moskva meylli olduğu üçün İmaməli Rəhmon İranda arzuolunmaz şəxsdir.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti