Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Bu ilin 9 ayında respublikanın müxtəlif bölgələrindən 275 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) respublikanın müxtəlif bölgələrindən 275 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində qeyd olunan təbəqədən olan gənclərin peşə hazırlığı, ümumən onların səmərəli sosial reabilitasiyası üçün müasir tələblərə uyğun şərait mövcuddur.
Gənclər burada kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələrə yiyələnməklə yanaşı, ayrı-ayrı sosial reabilitasiya yönümlü tədbirlərə də cəlb edilirlər.
Onlar peşə təlimi müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Kursları başa vuraraq imtahandan uğurla keçən gənclərə peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kurslarını bitirmələri barədə arayışlar verilir. Sonrakı mərhələdə isə onların həmin peşələr üzrə məşğulluqlarının təmin olunması üçün aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzləri ilə birgə işlər aparılır.
Peşə Reabilitasiya Mərkəzi fəaliyyətə başladığı dövrdən bu vaxtadək burada ümumilikdə 547 nəfər sağlamlıq imkanları məhdud gənc peşə reabilitasiyasına cəlb olunub. Hazırda Mərkəzdə 110 nəfərdən çox gəncin peşə təlimi davam edir.