...

Ekspert: Prezidentin fərmanı ilə nəqliyyat sektorundakı neqativ hallar aradan qaldırılacaq

Cəmiyyət Materials 15 Oktyabr 2015 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elmir Murad/

Prezidentin 14 oktyabr 2015-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı bir çox səlahiyyətlərinin yol polisinə verilməsi məntiqli addımdır. Bunu Trend-ə açıqlamasında nəqiyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, bu fərmanla məsuliyyətə cəlbetmə iki yox, bir orqanda cəmlənəcək: "Fərmana əsasən, məsələn, taksi fəaliyyəti, sərnişin avtobusları və yük avtomobillərinə, onların lisenziya, daşıma şərtlərinə riayət etməsinə nəzarəti bundan sonra Nəqliyyat Nazirliyi deyil, Baş Dövlət Yol Polisi İdarəsi həyata keçirəcək. Bununla yanaşı, iritonnajlı nəqliyyat vasitələrinin yollarda hərəkətinə nəzarət də nazirlikdən alınaraq polisə verilib. Həmçinin taksi və avtobusların sərnişinlərinin müxtəlif qəzalar zamanı aldıqları xəsarətdən sığortalanıb-sığortalanmaması məsələlərinə nəzarəti də Dövlət Yol Polisi İdarəsi həyata keçirəcək. Hesab edirəm ki, fərmanın verilməsi çox düzgün addım idi".

Ə.Hüseynov bildirib ki, nəqliyyat sektorundakı narazılıqlar fərmanın verilməsini daha da tezləşdirdi. O, qeyd edib ki, dövlət başçısının yeni imzaladığı fərmanla nəqliyyat sektorundakı bir sıra neqativ hallar aradan qalxacaq: "Burada iki məsələni daha çox qabartmaq lazımdır. Birincisi, nəqliyyat müfəttişlərinin fəaliyyətlərindəki neqativ hallar. İkincisi, bu sahədəki ictimai narazılıqlar. Yollarda bütün avtomobillərin hərəkət qaydalarına Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəzarət edir. Ona görə də hesab edirəm ki, fərmanla sadalanan səlahiyyətlərin Dövlət Yol Polisi İdarəsinə verilməsi məntiqlidir. Bir daha qeyd edim ki, əsas hədəf nəqliyyat sektorunda neqativ hallar, kobud davranışların aradan qaldırılmasıdır".

Qeyd edək ki, Prezident İlham Əliyevin 14 oktyabr 2015-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı bir çox səlahiyyətləri Baş Dövlət Yol Polisi İdarəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti