...

Bilik Fondu "Azərbaycan müəllimi" qəzeti ilə birgə videokonfrans keçirib (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2015 16:01 (UTC +04:00)
Bilik Fondu “Azərbaycan müəllimi” qəzeti ilə birgə “Şagirdlərin inkişafında ailə, məktəb, cəmiyyət üçbucağının rolu” mövzusunda videokonfrans keçirib.
Bilik Fondu "Azərbaycan müəllimi" qəzeti ilə birgə videokonfrans keçirib (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Azərbaycan müəllimi" qəzeti ilə birgə "Şagirdlərin inkişafında ailə, məktəb, cəmiyyət üçbucağının rolu" mövzusunda videokonfrans keçirib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində baş tutan videokonfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Bilik Fondunun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova və "Azərbaycan müəllimi" qəzetinin şöbə redaktoru Yusif Əliyev iştirak ediblər.

O.Səmədov gənc nəslin təlim-tərbiyəsində ailənin, məktəbin, eləcə də cəmiyyətin böyük rolu olduğunu deyərək, birgə tədbirlərin keçirilməsinin vacibliyini, ailələrin maarifləndirmə işinə böyük töhfə verə biləcəyini vurğulayıb.

B.Hüseynzadə müəllimlərin peşəkarlığının artırılmasında və uğurlu pedaqoji təcrübələrin yayılmasında rəhbərlik etdiyi mətbu orqanın gördüyü işlərdən söz açıb və Bilik Fondu ilə birgə bir sıra maarifləndirici layihələrə imza atılacağını qeyd edib.

Təhsil mütəxəssisi, professor Ə.Ağayev yeniyetmələrin hərtərəfli inkişafı və layiqli vətəndaş kimi yetişməsində ailənin, məktəbin və cəmiyyətin böyük təsiri olduğunu bildirib. Professor onların ayrı-ayrılıqda deyil, vəhdət halında fəaliyyət göstərməsinin böyük səmərə verəcəyinə əminliyini də vurğulayıb, valideyn-məktəb birliklərinin yaradılmasın vacibliyindən söz açıb.

Videokonfransda Gəncə, Şamaxı, Qəbələ, Lənkəran, Bərdə və Sumqayıtdan olan təhsil işçiləri, valideynlər və şagirdlər də mövzu ilə bağlı fikirlərini səsləndiriblər, onları maraqlandıran suallara cavab alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti