...

İtaliyalı tədqiqatçılar Azərbaycan dili və mədəniyyətini araşdırmağa böyük maraq göstərirlər (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2015 11:56 (UTC +04:00)
İtaliyanın Ka Foskari Universitetində (Venesiya) “Multikulturalizmə dair Azərbaycan və İtaliya perspektivləri” mövzusunda keçirilən tədbirdə Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə barədə fikir mübadiləsi aparılıb.
İtaliyalı tədqiqatçılar Azərbaycan dili və mədəniyyətini araşdırmağa böyük maraq göstərirlər (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

İtaliyanın Ka Foskari Universitetində (Venesiya) "Multikulturalizmə dair Azərbaycan və İtaliya perspektivləri" mövzusunda keçirilən tədbirdə Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının və Ka Foskari Universitetinin birgə keçirdiyi tədbirdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru İsaxan Vəliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktorları Zöhrə Əliyeva və Zemfira Məmmədzadə, universitetin birinci prorektoru, professor Tiziana Lippiello, professor-müəllim və tələbə heyətinin nümayəndələri, italiyalı gənc tədqiqatçılar, Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin əməkdaşı Samir Allahverdiyev və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.

Müzakirələrin gedişində italiyalı alim və tədqiqatçıların Azərbaycan dili və mədəniyyətini araşdırmağa böyük maraq göstərdikləri diqqətə çatdırılıb. Azərbaycanın multikultural dəyərlərin kök saldığı ölkə olduğunu deyən prorektor T.Lippiello vurğulayıb ki, birgə tədbirlərin keçirilməsi ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə yaxından tanış olmağa imkan yaradır.

Konfransda çıxış edənlər Azərbaycan üçün prioritet məsələlərdən olan multikulturalizm, onun tarixi ənənələri və hüquqi bazası haqqında ətraflı məlumat veriblər. Konstitusiyaya əsasən, ölkəmizdə dini və irqi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquqlara malik olduğu vurğulanıb.

"Hüquq mədəniyyəti mədəniyyətlərarası dialoqun açar komponenti kimi" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İ.Vəliyev iştirakçilara şəxsiyyətin, peşəkar və sosial qrupların, nəhayət, dövlətin hüquq mədəniyyəti barədə məlumat verib. Azərbaycanda bir çox millətlərin nümayəndələrinin yaşadığını deyən natiq həlledici məqamlarda onların vahid Azərbaycan xalqı kimi mövqe sərgilədiyini vurğulayıb.

"Mədəniyyətlərarası dialoqun uğuru təkcə müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı inam mühitində yaşaması ilə ölçülmür, gərəkli hüquqi bazanın mövcudluğu da önəmli amillərdəndir. Bu baxımdan Azərbaycanda qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir".

Tədbir çərçivəsində professor İ.Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatını keçirib, Fondun hüquqi maarifləndirmə istiqamətində fəaliyyətindən söz açıb.

Azərbaycanlı alimlər İlham Məmmədzadə və İsaxan Vəliyev İtaliyanın Ka Foskari Universitetinin xatirə medalı ilə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti