Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
İndoneziyada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.
İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransına hazırlıq mərhələsi kimi, əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. İclasda əmək ehtiyatlarından dolğun istifadənin reallaşdırılması, xüsusən gənclərin məşğulluğunun dəstəklənməsi, iş yerlərində əməyin təhlükəsizliyi və sağlamlığı ilə bağlı üzv ölkələrdə mövcud vəziyyət, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iclasda çıxış edərək, qeyd olunan məsələlərin həlli ilə bağlı ölkəmizdə aparılan siyasət və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Qlobal əmək bazarında vəziyyətin kifayət qədər kövrək olaraq qaldığını qeyd edən F.Əlizadə Beynəlxalq Əmək Təşkilatının hələ 2013-cü ilə dair statistikasına görə, dünyada 202 milyon nəfər işsiz insan, o cümlədən 74,5 milyon nəfər işsiz gənc olduğunu, gənclər arasında işsizlik səviyyəsinin 13,1% təşkil etdiyini bildirib: "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə həm ümumi əhali, həm də gənclər arasında məşğulluq səviyyəsi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağı olaraq qalır. Hələ 2012-ci ildə gənclər arasında işsizlik səviyyəsi dünya üzrə 12,6 faiz olduğu halda, İƏT ölkələri üzrə 15,6 faiz təşkil edib".
Azərbaycan əhalisinin 28%-nin gənclərdən ibarət olduğunu qeyd edən F.Əlizadə gənclərin məşğulluğunun ölkəmiz üçün də aktual olduğunu diqqətə çatdırıb: "Aparılan uğurlu siyasət ümumi işsizlik səviyyəsinin Azərbaycanda 4,9 faizə enməsinə səbəb olub. Bu göstərici 15-29 yaşda gənclər arasında 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir ki, bu da dünya üzrə müvafiq göstəricilərdən aşağıdır. Ölkədə gənclərin məşğulluğunun təmin olunması istiqamətində fəal siyasət həyata keçirilir, bu sahədə beynəlxalq konvensiya və qətnamələrin müddəaları diqqətdə saxlanılır, gənclər üçün daha yaxşı təhsil və məşğulluq imkanlarının təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan bir sıra dövlət proqramları icra olunur".
İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin dövlətlərin davamlı iqtisadi artımına mənfi təsir göstərdiyini nəzərə çatdıran F.Əlizadə bunun əməyin təhlükəsizliyi və sağlamlığının təmin olunmasını prioritet məsələlərdən birinə çevirdiyini diqqətə çatdırıb: "Azərbaycanda Dövlət Əmək Müfəttişliyi Xidməti sosial tərəfdaşlar və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təbliği məqsədilə ardıcıl tədbirlər görür, "Təhlükəsiz iş ay"lıqları üzrə maarifləndirmə kampaniyaları aparılır. Bu mövzuda tədqiqatlar aparılır, seminarlar, dəyirmi masalar, əməyin mühafizəsi mütəxəssisləri üçün treninqlər təşkil edilir. Görülən tədbirlər nəticəsində 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% azalıb".
F.Əlizadə Təşkilatın Əməyin təhlükəsizliyi və sağlamlığının qorunması üzrə şəbəkəsinin, habelə Dövlət Məşğulluq Xidmətləri şəbəkəsinin, onlar tərəfindən yerinə yetirilmiş layihələrin və tədbirlərin əhəmiyyətini də vurğulayıb.
Qeyd edək ki, oktyabrın 28-də İndoneziya Respublikasının Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransı öz işinə başlayır. Oktyabrın 30-na kimi davam edəcək tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.