Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Elsevər Abdullayev prokurorluq orqanlarında işlədiyi müddətdə dəfələrlə əmək, xidməti və icra intizamını kobud surətdə pozub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Baş Prokurorluğun sabiq əməkdaşı E.Abdullayev peşəkar, çox savadlı hüquqşünas kimi qələmə verilərək onun prokurorluq orqanlarından əsassız və qanunsuz xaric olunması barədə məlumatlar reallıqdan uzaq olduğu üçün tərəfimizdən təkzib edilir: "Göstərilənlərlə əlaqədar bildiririk ki, E.Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində işlədiyi müddətdə dəfələrlə əmək, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə görə barəsində intizam tənbehi tədbirləri tətbiq edilib".
Onun sözlərinə görə, bundan başqa, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsi üzrə vəzifə bölgüsünə dair sərəncamla konkret rayon prokurorluqlarında istintaq edilən cinayət işlərinə və araşdırma materiallarına prokuror nəzarətinin həyata keçirilməsi həvalə olunmuş E.Abdullayev xidməti və icra intizamının kobud surətdə pozulması hallarına yol verdiyi üçün idarə rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bundan tənqidi nəticə çıxarmayıb: "Eyni zamanda o öz işini Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında" əmrin tələblərinə uyğun qurmayıb".
E.Sultanov qeyd edib ki, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən E.Abdullayev tabe prokurorluqlardan idarəyə daxil olmaqla öyrənilməsi ona həvalə edilmiş materiallar, icraatda olan və icraatına xitam verilmiş cinayət işləri üzrə qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığının yoxlanılması məqsədilə ona tapşırılmış cinayət işlərinin hər birini əsassız olaraq bir ay yarımdan artıq müddətdə özündə saxlayıb süründürülməçiliyə yol verməklə ciddi pozuntulara yol verib: "Göstərilənlər nəzərə alınaraq və aparılmış xidməti yoxlamanın nəticəsi olaraq E.Abdullayev prokurorluq orqanlarından xaric edilib".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, prokurorluq orqanları əməkdaşlarının məsuliyyətinin yüksəldilməsi, xidməti və icra intizamının gücləndirilməsi, ciddi nəzarət mexanizminin təmin olunması hər bir əməkdaşdan tələb edilməklə yanaşı, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verən işçilərə qarşı Baş Prokurorluğun rəhbərliyi tərəfindən gələcəkdə də ən qəti tədbirlər görüləcək.