...

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 milyondan artıq istifadə qeydə alınıb

Cəmiyyət Materials 10 Noyabr 2015 10:40 (UTC +04:00)
Cari ildə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 milyon 675 min 727 dəfə istifadə qeydə alınıb.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən
1 milyondan artıq istifadə qeydə alınıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən cari ilin oktyabr ayında 169820 dəfə istifadə qeydə alınıb.

ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu dövrdə əhali nazirliyin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən 126909 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən isə 42911 dəfə faydalanıb.

Hər iki e-xidmət ötən ilin iyul ayından etibarən ölkəmizdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılması ilə əlaqədar əhalinin istifadəsinə verilib. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə bildiriş formaları həmin sistemdə qeydiyyata alındıqdan və işəgötürənə elektron qaydada müvafiq məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan proses isə "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti vasitəsilə həyata keçirilir. Bununla yanaşı, hər bir vətəndaş "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən yararlanmaqla, onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə edə bilir.

İstifadəyə verildikləri vaxtdan vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasında olan bu iki e-xidmətdən cari ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 675 min 727 dəfə istifadə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti