Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda ilk dəfə olaraq, ADA Universitetində təhsil üzrə menecment magistr proqramı həyata keçiriləcək.
Trend-in məlumatına görə, proqramın açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, proqram Təhsil Nazirliyinin dəstəyi ilə və ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə təşəkkür edən H.Paşayev deyib ki, bu proqramdan təhsilə maraq göstərən gənclər faydalana bilərlər. Rektor proqramı uğurla həyata keçirəcəklərinə əminliyini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ən yeni texnologiyalara, nəticə yönümlülüyə əsaslanan təhsil sisteminin qurulması üçün hədəflər müəyyənləşdirilib. Həmin hədəflərə çatmaq üçün isə təhsil menecerlərinin hazırlanması vacibdir.
C.Bayramov bildirib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 42 gənc təhsilin təşkili və idarə olunması üzrə təhsil alır. Onların artıq bir hissəsi məzun olaraq ölkəyə qayıdıb.
Azərbaycanda təhsil menecerlərinin hazırlanması vaxtının artıq çatdığını deyən nazir müavini ADA Universitetinin sözügedən proqramının bu baxımdan xüsusilə əhəmiyyətli olduğunu söyləyib.
ADA Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal isə bildirib ki, yeni magistr ixtisası 2016-2017-ci tədris ilindən başlayaraq təklif ediləcək. Qəbul aprelin 1-dək aparılacaq.
Magistr proqramı 15 ay müddətində ingilis dilində tədris olunacaq. Müəllim heyəti yerli və xarici professorlardan ibarət olacaq.