Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elmir Murad/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qanunsuz əməllərinin bir qoluna çevrilib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov deyib.
MTN-in əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan olduğunu deyən deputat bildirib ki, Azərbaycanda əməliyyat axtarış fəaliyyəti haqqında qanun var və MTN-nin iş adamlarının telefonlarını məhkəmə qərarı olmadan dinləməsi qanuna zidd əməldir: "Telefonları dinləmək yalnız əməliyyat axtarışı haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir. MTN-nin keçmiş rəhbərliyi bunu edirdisə, sözsüz ki, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsi ilə həyata keçirilib. Əməliyyat fəaliyyətinin qollarından biri də telefonların dinlənilməsi, yəni, bundan istifadə olunmasıdır. Amma bu qanunauyğun şəkildə, əməliyyat axtarış fəaliyyətinə uyğun olaraq müqvafiq orqanın icazəsindən sonra həyata keçirilməldir".
R.Cəbrayılovun fikirincə, MTN RYTN-nin xidmətlərindən, onun texnologiyasından istifadə etmədən bu şeyləri edə biməzdi: "Əgər bu məsələlər olubsa, sözsüz ki, bir nazir olaraq Əli Abbasov vəzifəsinin öhdəsindən gələ bilməyib. RYTN MTN-nin əlində bir vasitə olub. Bununla da, insanların konstitusion hüquqlarının pozulmasına imkan yaradıb. Bu, qanunsuzluqdur".
Qeyd edək ki, dünən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.