...

Nardarana giriş və çıxış ciddi nəzarətə götürülüb

Cəmiyyət Materials 26 Noyabr 2015 19:09 (UTC +04:00)
Qəsəbə ərazisinə daxil olan avtomobillər yoxlanılır.
Nardarana giriş və çıxış ciddi nəzarətə götürülüb

Bakı. Trend:

Bu gün Nardaranda baş verən qarşıdurmadan sonra polis qəsəbədə gücləndirilmiş iş rejiminə keçib.

Trend-in qəsəbədə olan müxbirinin verdiyi məlumata görə, hazırda qəsəbənin giriş və çıxış yolları nəzarətə götürülüb, əraziyə daxil olan avtomobillər yoxlanılır.

Qeyd edək ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti