...

Bakıda daha iki küçə təmir olundu (FOTO+VİDEO)

Cəmiyyət Materials 3 Dekabr 2015 15:32 (UTC +04:00)
Bakıda daha iki küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib.
Bakıda daha iki küçə təmir olundu (FOTO+VİDEO)

Bakı. Trend:

Bakının Binəqədi rayonunda iki küçə təmir edilərək tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Bu, Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələridir.

Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən Ağasadıq Gəraybəyli küçəsinin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir. Köhnə asfalt-beton örtüyünün əvəzinə 2 qat olmaqla ümumilikdə küçənin 12 845 kv.m sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

Küçə boyu zəruri olan yerlərdə təqribən 980 poqonmetr yeni səki daşı düzülüb. Bundan başqa, təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları da dəyişdirilib.

Analoji işlər Səttar Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinri işləri küçənin Atatürk prospekti və Ağasadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində aparılıb. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə 500 poqonmetr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6000 kv.m ərazisinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Qeyd edək ki, sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri (su, istilik, qaz, elektrik və rabitə) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb, işıqlandırma sistemləri işlək vəziyyətə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti