...

Ombudsman 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yaydı

Cəmiyyət Materials 15 Yanvar 2016 18:23 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yaydı

Bakı. Trend:

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatda deyilir ki, 26 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir. Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindədir.

Bildirilir ki, 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, ölkəmizə qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları dağıtmış, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz hüquqlarının, torpaqlarının və milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulmuşdur.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülmüşdü. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, tibb işçiləri də şəhid olmuş, yaralanmışlar.

Beləliklə ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilmişlər. Qoşunun şəhərə daxil olması barədə rəsmi məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuş, azğınlaşmış hərbçilər yaralıları yerindəcə güllələmiş, ağır hərbi texnikanın tırtılları altına salmışlar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv edirdilər.

Bəyanatda vurğulanır ki, o dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyev vermiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir.

1993-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu gün respublikamızda hər il qeyd olunur.

Xüsusi qeyd edilməlidir ki, öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhali qoşun birləşmələri tərəfindən gülləbaran edilmiş, lakin bu hadisə xalqımızın iradəsini qıra bilməmiş və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın bu il 25 illiyini qeyd edəcəyimiz öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələnmişdir.

Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bir milyon soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə bəyan etmişdir.

Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən "20 Yanvar şəhidi" fəxri adı verilmiş, habelə "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin onların ailələrinə Prezident təqaüdü verilir.

Bu günlərdə də müvafiq Sərəncamla "20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiqlənmişdir. Həmin plana əsasən, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi, bu tədbirlərin KİV-də geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı KİV-lərində bu faciə barədə materialların verilməsi, habelə bütün tədris müəssisələrində xüsusi dərslərin aparılması nəzərdə tutulmuşdur.

Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları, terror hadisələri, habelə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilmiş, bununla bağlı bəyanatlarımız nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanmışdır.

İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Bəyanatda deyilir: "Beynəlxalq hüquqa əsasən 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

Beləliklə 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər və normalar mövcuddur. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar vardır.

Göstərilənləri əsas tutaraq, dünya ictimaiyyətinin və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəklərinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümid edirik".

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti