Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sistemi yaradılır.
Trend-in məlumatına görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin illik hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, hazırda Fransa və Finlandiya şirkətləri ilə bağlanmış müqavilələr çərçivəsində müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sisteminin, məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sisteminin və 33 avtomat meteoroloji stansiyanın alınaraq qurulması istiqamətində işlər aparılır. Ötən il meteoroloji proqnozların özünü doğrultması 94-97 faiz təşkil edib.
2015-ci il ərzində 3 132 akt və 983 protokol tərtib olunaraq və 1 640 "məcburi göstəriş" verilib. 910 iş üzrə 1 294 030 manat cərimə tətbiq edilərək, 419 iş üzrə 847 358 manat iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 346 işdən 114-nə, İcra qruplarına göndərilən 471 işdən 271-nə, məhkəmələrə göndərilən 166 işdən 45-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Ümumiyyətlə son 5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarda iri yaşıllaşdırma layihələri hesabına 3 659 ha ərazidə 4 711 711 ədəd ağac əkilərək, 10,8 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bu layihələr çərçivəsində 2 700 ha sahədə 1 240 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilib. Son zamanlar əkilmiş zeytun ağaclarının hesabına zeytun bağlarının sahəsi 3 dəfə artıb. Ümumilikdə meşə və qeyri-meşə fondu torpaqlarında 2015-ci il ərzində cəmi 5 milyona yaxın ağac əkilib.