...

İnstitut direktoru: Dərmanın qiyməti ilə onun effektivliyi arasında böyük əlaqə yoxdur

Cəmiyyət Materials 22 Yanvar 2016 14:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dərman təchizatı, o cümlədən ürək-damar xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitələri ilə təchizat sahəsində vəziyyət qənaətbəxşdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Ş.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun rəhbəri Adil Baxşəliyev deyib.

Onun sözlərinə görə, bəzən əczacılıq müəssisələri müraciət edən alıcılara ticarət markası adı altında satılan hər hansı konkret dərman vasitəsinin hazırda satışda olmadığını bildirirlər: "Lakin nəzərə almaq lazımdır ki, hər bir dərman vasitəsi təsiredici maddə (molekul) əsasında hazırlanmışdır. Bir təsiredici maddə əsasında əczacılıq müəssisələrində bir neçə, bəzən onlarla ticarət adı altında dərman vasitəsi satılır. Əczacılıq müəssisəsində bir ticarət markası adı altında satılan dərman vasitəsi olmadıqda, eyni molekulu daşıyan digər dərman vasitəsini əldə etmək olar".

A.Baxşəliyev qeyd edib ki, təsiredici maddə əsasında istehsal olunan dərman vasitələri hazırda əczacılıq müəssisələrində müxtəlif qiymət diapazonunda əhaliyə təqdim edilir. Bu səbəbdən hər hansı bir alıcıya münasib olmayan qiymət diapazonunda satılan dərman vasitəsinin fərqli, daha ucuz qiymətlə satılan analoqunu əldə etmək mümkündür: "Reallıq budur ki, dərman vasitəsinin qiyməti ilə onun effektivliyi arasında böyük bir əlaqə yoxdur. Nisbətən yuxarı qiymət onun daha effektiv olduğuna heç də dəlalət etmir. Əczacılıq müəssisəsində satışda olan dərman vasitəsi nisbətən ucuz, lakin effektiv ola bilər. Misal kimi, nitroqliserin dərman vasitəsini qeyd etmək olar. Bu vasitə ürək xəstəliklərinin, o cümlədən, infarkt, ürəyin işemik xəstəliklərinin müalicəsində əvəzedilməz preparatdır. Adı çəkilən dərman vasitəsinin qiyməti əhalinin böyük əksəriyyəti üçün olduqca münasibdir. Həmçinin, qeyd etmək olar ki, hipertoniya xəstəliyinin müalicəsində eyni molekul əsasında çoxsaylı dərmanlar mövcuddur. Müalicə zamanı nisbətən yuxarı qiymət diapazonundan olan dərman vasitələri ilə yanaşı, daha münasib qiymətə təklif olunan preparatlardan da istifadə etmək mümkündür. Eyni fikirləri digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitələrinə də şamil etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti