...

Azərbaycanda ürək transplantasiyasının reallaşmamasının səbəbi açıqlandı

Cəmiyyət Materials 29 Yanvar 2016 14:26 (UTC +04:00)
Bu gün Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi tamamilə mümkündür.
Azərbaycanda ürək transplantasiyasının reallaşmamasının səbəbi açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi tamamilə mümkündür. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, Azərbaycanda ürək transplantasiyasının bir neçə mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur.

R.Mahmudov bildirib ki, burada olan əsas əngəl bu gün cəmiyyətin sosial olaraq ürək transplantasiyasına hazır olmamasıdır: "Bu gün ailədən və ya yaxınlardan birinin həyatını itirdiyi zaman onun üzərində ekspertizanın aparılmasına qətiyyətlə qarşı çıxırıq. Əsas problem də elə budur. Bunun dindən, etnik dəyərlərdən gəlməsi müzakirə predmetidir. Dində belə bir əngəl yoxdur. Əgər belə əngəl olsaydı İranda, Türkiyədə və digər ərəb ölkələrində bu cür əməliyyatlar aparılmazdı".

R.Mahmudov deyib ki, həyatını itirən bir insanın orqanizmində hadisənin əsl mahiyyətini araşdırmaq üçün ekspertizanın aparılmasına icazə verməyən düşüncə ilə yaşayan insanlarda müəyyən tərəddüdlər olur: "Bu işin reallaşdırılması üçün ailənin və yaxınlarının razılığı mütləq şəkildə olmalıdır. Bu da sağlam vəziyyətdə yox, şəxsə beyin ölümü diaqnozu qoyulduqdan sonra həyata keçirilə bilər. Bunu komada olan insanlarla qarışdırmaq olmaz. Beyin ölümü Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Belə ki, beyin ölümü həyatın bitdiyi dəqiqədir. Orqanların hamısı yaşasa da, beyin ölümü varsa, insan həyatı bitmiş hesab olunur. Bu ürəklə əlaqəli deyil. Yəni, beyni ölən insanların digər orqanları sağlam olur".

Komitə üzvü deyib ki, bu gün ölkədə insan orqanı gözləyən insanlar var: "Hazırda ölkədə qaraciyər və böyrək köçürməsi reallaşdırılır. Əməliyyatlar canlıdan-canlıya həyata keçirilir. Lakin ürəkdə bu, mümkün deyil".

R.Mahmudov qeyd edib ki, bir qəhrəman ailənin ortaya çıxaraq bu təşəbbüsdən çıxış etməsi yaxşı başlanğıc ola bilər: "Çünki ölkədə hansısa qərar verildikdən sonra sürətli inkişaf olur. Hansısa təşəbbüs buna bir qığılcım ola bilər. Azərbaycandakı tibb müəssisəsləri ürək köçürülməsini etməyə çoxdan hazırdır. Hətta Naxçıvanda belə bunu etmək ola bilər. Kilosu və boyunun 10 faiz üstündə və ya altında olan insan ürək üçün donor ola bilər. Yəni 50 yaşında olan bir insana 12 yaşındakı birinin boyu və ölçüsü uyğun gəlirsə, o da donor ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti