...

AMEA ilə Türkiyənin Erciyes Texnoparkı ilkin razılaşma sənədi imzaladı

Cəmiyyət Materials 18 Fevral 2016 16:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Erciyes Texnoparkı arasında əməkdaşlığa dair ilkin razılaşma sənədi imzalanıb.
AMEA ilə Türkiyənin Erciyes Texnoparkı ilkin razılaşma sənədi imzaladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Erciyes Texnoparkı arasında əməkdaşlığa dair ilkin razılaşma sənədi imzalanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Erciyes Texnoparkı arasında səmərəli əməkdaşlıq əlaqələri AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü ilə 2014-cü ildə qurulub və bu əlaqələrin davamı olaraq innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində niyyət sazişi və əməkdaşlıq müqaviləsi imzalanıb.

V.Babayev vurğulayıb ki, niyyət sazişi çərçivəsində tərəflər arasındakı əməkdaşlıq AMEA-da texnologiyaların transferi funksiyasının həyata keçirilməsi, AMEA Elm və Texnologiya Parkının yaradılması, Akademiyanın inkubasiya proqramının hazırlanması, eləcə də Avropa İttifaqının çərçivə proqramlarında birgə layihələrlə iştirak edilməsi kimi məsələləri əhatə edəcək.

Türkiyənin Erciyes Texnoparkının baş direktorunun müavini Selahettin Gönülateş deyib ki, 2007-ci ildə qurulmuş Erciyes Texnoparkı müxtəlif sahələrdə fəaliyyət göstərir. Türkiyənin 5-ci böyük texnoparkı olan Erciyes Texnoparkındakı firmaların əksəriyyəti öz fəaliyyətlərini beynəlxalq, iqtisadi münasibətlər və texnoloji sahələr üzərində qurublar.

S.Gönülateş bildirib ki, tərəflər arasında imzalanacaq əməkdaşlıq müqaviləsi 2016-cı ilin sentyabr ayında Türkiyənin Nevşehir şəhərində kosmik sənaye mövzusunda təşkil ediləcək beynəlxalq tədbirin birgə koordinasiyası barədədir. Qonaq qeyd edib ki, müqaviləyə əsasən, AMEA və Erciyes Texnoparkı tədbirin təşkilat komitəsi və məşvərət şurasında birgə iştirak edəcək, adıçəkilən tədbirin hər iki ölkədə təbliğ və təşviqini həyata keçirərək tədbirin koordinasiya işlərini birlikdə icra edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti