Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evində Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı ilə tələbələrin, oğuzlu gənclərin, ziyalıların görüşü və millət vəkilinin ideya müəllifi olduğu "Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabının təqdimat mərasimi keçirilib.
Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, rayon ziyalıları, rayonun fəal gəncləri və Bilik Evində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin dinləyiciləri iştirak ediblər.
Millət vəkili Bilik Evində yaradılmış şəraitlə tanış olub, Oğuz rayonunda Bilik Evinin yaradılmasının oğuzlu gənclər üçün faydalı olacağını bildirib: "Bilik Fondunun fəaliyyəti ilə tanışam. Fondun təşkilatçılığı ilə çox mütərəqqi layihələr həyata keçirilir. Oğuz rayonunda Bilik Evinin fəaliyyət göstərməsi yerli gənclər üçün çox lazımlı və faydalıdır".
Bilik Fondunun rayon nümayəndəsi Anar Məcidov Oğuz Bilik Evinin gördüyü işlərlə bağlı millət vəkilinə ətraflı məlumat verib. Sonra Bilik Fondunun və Oğuz Bilik Evinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu A.Naxçıvanlının həm millət vəkili, həm də rektor kimi gördüyü işlərin ziyalılar tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "Hesab edirəm ki, Ümummilli lider Heydər Əliyevin 1969-2003-cü illər arasındakı ideya və fikirlərinin sistemli şəkildə toplandığı "Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabı sadəcə gənclər üçün deyil, Ulu öndərin irsini araşdıran alimlər, elmi və pedaqoji ictimaiyyət üçün də faydalıdır".
A.Naxçıvanlı Bilik Evinin tələbələrinin "Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabı ilə bağlı verdiyi sualları cavablandırıb, tədbirdə iştirak edən tələbələrə dəyərli tövsiyələr verib.