...

53 yeni mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 12:36 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 53 yeni mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.
53 yeni mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 53 yeni mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, nazirlik tərəfindən son bir ayda 75 nəfər müharibə əlili və
şəhid ailəsi mənzillə təmin olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki "Göy qurşağı" yaşayış kompleksində yeni yaşayış binalarından tender yolu ilə satın alınaraq təmir etdirilmiş 53 mənzil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin, şəhid ailələrinin istifadəsinə verilib. Onlardan 12 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri 20 Yanvar əlili, 37-i isə şəhid ailəsidir.

Mənzillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının hər bir ölkə vətəndaşının sosial firavanlığına, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Ç.Əliyev bildirib ki, müharibə əlillərinin və 20 Yanvar əlillərinin, şəhid ailələrinin maddi təminatları, hərtərəfli diqqət və qayğı ilə əhatə olunması işləri ildən-ilə gücləndirilir. Ölkəmizdə mühüm sosial proqramlardan biri kimi, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların yeni, müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təminatı sahəsində də mühüm işlər görülür.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə işlərin geniş vüsət almasına imkan verib. Sərəncamın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə respublikamızın bölgələrində yeni fərdi yaşayış evləri inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir.

Həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillər satın alınaraq təmir etdirilir və həmin şəxslərin istifadəsinə verilir. Təkcə son bir ayda artıq Nazirlik tərəfindən 75 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilməklə, müharibə əlilləri və şəhid ailələri üçün Bakı şəhərində və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binaları da inşa olunur.

Qeyd olunub ki, müharibə əlilləri və 20 Yanvar əlilləri bu gün Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə yanaşı, aylıq sosial müavinət və ya əmək pensiyası ilə də təmin olunurlar. Eyni zamanda şəhid ailələrinə Prezidentin aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və şəhid ailələrinin uşaqları da aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin edilirlər.

Digər sahələrdə də onlar dövlətin daimi qayğısı ilə əhatə olunublar. Tədbirdə iştirak edən ayrı-ayrı əlil ictimai birliklərinin nümayəndələri əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə həyata keçirilən tədbirlərdən razılıqla bəhs ediblər.

Qarabağ müharibəsi və 20 Yanvar əlilləri, şəhid ailələri onların sosial təminatlarının gücləndirilməsi sahəsində görülən işlərə, xüsusən yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra mənzillərdə yaradılmış şəraitə baxış olub. Hər bir mənzildə normal yaşayış şəraiti yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti