...

Nazirlik: Sosial və reabilitasiya xidmətləri göstərilməsi üçün fəaliyyət istiqamətləri müəyyən edilib

Cəmiyyət Materials 26 Fevral 2016 11:25 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında ayrı-ayrı rayonlarda günərzi sosial xidmətlər göstəriləcək.
Nazirlik: Sosial və reabilitasiya xidmətləri göstərilməsi üçün fəaliyyət istiqamətləri müəyyən edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında ayrı-ayrı rayonlarda günərzi sosial xidmətlər göstəriləcək.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sosial sifarişlər əsasında sosial və reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün fəaliyyət istiqamətləri müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial sifarişlər əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən cari ildə sosial və reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün konkret fəaliyyət istiqamətləri müəyyən edilib.

Bu istiqamətlərdən biri kimi, ölkənin ayrı-ayrı rayonlarında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların, ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Fəaliyyət istiqamətləri sırasına 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, bu təbəqədən olan uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması da daxildir.

Görmə imkanları məhdud olan uşaqlara xüsusi proqramlar vasitəsilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların surdoloji xidmətlərlə təmin olunması da nəzərdə tutulur. Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat işinin gücləndirilməsi və s. də fəaliyyət istiqamətlərinə daxildir.

2015-ci ildə nazirliyin sosial sifarişlər əsasında ixtisaslaşmış QHT-lər tərəfindən ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti