...

142 - Cağrı Mərkəzi vasitəsilə sorğunuz cavablandırılırmı?

Cəmiyyət Materials 29 Fevral 2016 14:21 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “142 - “Cağrı Mərkəzi” vasitəsilə sorğunuzun cavablandırılması təmin edilirmi?” adlı interaktiv sorğu keçirilib.
142 - Cağrı Mərkəzi vasitəsilə sorğunuz cavablandırılırmı?

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "142 - "Cağrı Mərkəzi" vasitəsilə sorğunuzun cavablandırılması təmin edilirmi?" adlı interaktiv sorğu keçirilib.

Bu arədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğunun nəticələri məlum olub. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-"Cağrı Mərkəzi" vasitəsilə sorğunuzun cavablandırılması təmin edilirmi?" sorğusunda iştirak edən 4562 nəfər respondentdən 3054 nəfəri və ya 67 faizi bu sualı müsbət cavablandırıb.

Son illərdə əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahat tədbirləri nazirliyin 142-"Cağrı Mərkəzi"ni də əhatə edib. 142- "Cağrı Mərkəzi" müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilərək, onun fəaliyyəti elektron texnologiyalar əsasında təkmilləşdirilib.

Burada hər bir müraciət, onun edildiyi telefon nömrəsi dərhal qeydiyyata alınaraq, aidiyyəti üzrə yönləndirilir və operativ cavablandırılması təmin edilir. "Cağrı Mərkəzi"ndə müraciətlərin cavablandırılması işinə nazirlik rəhbərliyi tərəfindən xüsusi monitorlar vasitəsilə daimi nəzarət həyata keçirilir.

142 - "Cağrı Mərkəzi"nin sorğuların cavablandırılması üzrə xidmət spektri də getdikcə genişlənir. Artıq vətəndaşlar sosial təminat, əlilliyin müəyyən edilməsi, reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlərdən istifadəyə dair məsələlərlə yanaşı, əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi barədə də 142-"Çağrı mərkəzi"ndən məlumat əldə edə bilirlər. Bütün bunlar isə vətəndaşlar tərəfindən "Cağrı Mərkəzi"nə marağın artması ilə müşahidə olunur.

İnteraktiv sorğuda iştirak edən respondentlərin 1052 nəfəri və ya 23 faizi 142- "Cağrı Mərkəzi" vasitəsilə sorğularının qismən cavablandırıldığını, 456 nəfəri və ya 10 faizi isə cavablandırılmadığını qeyd edib.

Təbii ki, bu nəticə də "Çağrı mərkəzi"nin gələcək fəaliyyətində nəzərə alınacaqdır.

Ümumilikdə 142 - "Cağrı Mərkəzi" vasitəsilə ötən il 111386, cari ilin yanvar ayında isə 13455 müraciət cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti