...

Turizm Assosiasiyası: Azərbaycanda turizm sahəsi üzrə menecmentlik zəifdir

Cəmiyyət Materials 2 Mart 2016 12:10 (UTC +04:00)
Menecmentilik işini düzgün quran şirkət hətta iqtisadi çətinliklərin olduğu vəziyyətdən də çıxa bilər.
Turizm Assosiasiyası: Azərbaycanda turizm sahəsi üzrə menecmentlik zəifdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Menecmentilik işini düzgün quran şirkət hətta iqtisadi çətinliklərin olduğu vəziyyətdən də çıxa bilər. Ancaq Azərbaycanda turizmin inkişafı üçün çox vacib məsələ olan menecmentlik sahəsi çox zəifdir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda manatın devalvasiyasından sonra bəzi turizm şirkətləri menecmentiliyi yaxşı qura bilmədiklərindən iqtisadi zərər görüblər: "Düzgün proqnozlaşdırma və planlaşdırma aparan şirkət hətta iqtisadi çətinliklərin olduğu vəziyyətdən də çıxa bilər. Azərbaycanda manatın devalvasiyasından sonra getmə turizm zəiflədi, amma yaxşı menecmentlik olsa idi, onlar bu vəziyyətdən çıxa bilərdilər. Demək, bizdə menecmentlik yaxşı inkişaf etməyib".

M.Ağakərimov hesab edir ki, problem yaradan məsələlərdən biri Azərbaycanda indiyədək həm hotellərdə, həm də böyük turizm şirkətlərində turizm sahəsi üzrə menecmentliyə daha çox xarici mütəxəssislərin cəlb edilməsidir.

Menecmentliyin inkişafı üçün təkliflər irəli sürən AzTA rəsmisinin fikrincə, artıq menecmentliyi gücləndirmək üçün əcnəbi baş menecmentlərin qarşısında yerli kadrların peşəkarlığının artırılmasında iştirak etmək vəzifəsi qoyulmalıdır: "1995-ci ildən Azərbaycanda brend hotellər fəaliyyətə başlayıb. Həmin vaxtdan 20 ildən çox zaman keçməsinə baxmayaraq, "beş ulduz" hotellərdə bizim milli kadrların sayı azdır. Bu, normaldırmı? Əslində, xarici mütəxəssislər öz yerlərinə kadr hazırlamalı idilər. Onlarla müqavilə bağlayan sahibkarlar müqavilələrdə bu məsələni qeyd etməlidirlər".

M.Ağakərimovun sözlərinə görə, menecmentliyi inkişaf etdirmək üçün bu sahəyə yaxşı mütəxəssisləri cəlb etmək lazımdır.

AzTA rəsmisi təklif edir ki, beş və dörd ulduzlu hotellərə, böyük turizm şirkətlərinə baş menecer vəzifəsinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilsin.

Müşavir hesab edir ki, bunun nəticəsində əsl işgüzar kadrlar üzə çıxar: "Bu da turizm sahəsi üzrə menecmentliyin, o cümlədən Azərbaycanda turizm sahəsinin inkişafına xidmət edər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti