...

Bakının daşlı küçələri Formula 1-dən sonra əvvəlki vəziyyətinə qaytarılacaq (FOTO)

Cəmiyyət Materials 3 Mart 2016 18:52 (UTC +04:00)
Asfalt qatı çəkilən qənbər daşlı küçələr yarışdan sonra əvvəlki vəziyyətinə qaytarılacaq.
Bakının daşlı küçələri Formula 1-dən sonra əvvəlki vəziyyətinə qaytarılacaq (FOTO)

Bakı. Trend:

"Formula 1" Avropa Qran Pri yarışı üçün xüsusi inşa olunan Bakı Şəhər Halqasının Əziz Əliyev küçəsindən keçən hissəsində qənbər daşların üzərinə qoruyucu və müvəqqəti birinci asfalt qatının salınması ilə əlaqədar görülən işlər bu həftəsonuna yekunlaşacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, asfalt örütüyünün çəkilməsi zamanı qənbər daşların zərər görməməsi üçün bütün işlər yüksək həssaslıqla həyata keçirilir.

"AzVirt" şirkətinin Bakı Şəhər Halqasının tikintisi üzrə rəhbəri Qəzənfər Cəfərlinin sözlərinə görə, Niyazi küçəsində olduğu kimi, Əziz Əliyev küçəsində də qənbər daşların üzərinə birincisi qoruyucu qat olmaqla bütövlükdə 4 qat asfalt çəkiləcək. Ümumi qalınlığı 25 santimetr təşkil edəcək konstruksiyada asfalt qatların arasına Almaniyadan xüsusi sifariş əsasında gətirilmiş torlar yerləşdiriləcək. Bu torlar asfaltın üzərinə düşən ağırlığı bərabər şəkildə paylamağa imkan yaradacaq, həmçinin qənbər daşları deformasiyaya məruz qalmaqdan qoruyacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qənbər daşlarla örtülü küçələrdə aparılan asfaltlaşdırma işləri ilə əlaqədar qeyd edib ki, həmin küçələr yarışdan sonra tezliklə əvvəlki vəziyyətinə qaytarılacaq: "Trekin yarış standartlarına uyğun olaraq tikintisi ilə bağlı artıq xeyli iş görülüb. Biz bu işləri apararkən tarixi və mədəni abidələrin, o cümlədən trekin İçərişəhər ətrafından keçən hissəsində olan qənbər daşların zərər görməməsinə xüsusi diqqət yetiririk. Niyazi və Əziz Əliyev küçələrindəki qənbər daşlar müvəqqəti olaraq qoruyucu asfalt qatı ilə örtüləcək və yarış başa çatdıqdan sonra bir ay ərzində həmin asfalt örtüyü aradan qaldırılaraq şəhərin bu tarixi küçələrinin yenidən əvvəlki görüntüsünə qaytarılması təmin olunacaq".

Qeyd edək ki, 6 km uzunluğa malik Bakı Şəhər Halqasında birinci asfalt qatının salınma prosesi bu həftə başa çatacaq. Üst asfalt qatının çəkilişinə martın sonlarında start veriləcək və bu mərhələnin bir ay davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti