...

3 qurum Nardaranda gəncləri topladı

Cəmiyyət Materials 4 Mart 2016 14:40 (UTC +04:00)
Martın 4-də Nardaran qəsəbəsində İqtisadiyyat Nazirliyinin və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu sahədəki təşəbbüslərinin dəstəklənməsi, biznes sahəsində nəzəri biliklərinin və praktik bacarıqlarının artırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
3 qurum Nardaranda gəncləri topladı

Bakı. Trend:

Martın 4-də Nardaran qəsəbəsində İqtisadiyyat Nazirliyinin və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu sahədəki təşəbbüslərinin dəstəklənməsi, biznes sahəsində nəzəri biliklərinin və praktik bacarıqlarının artırılması məqsədilə maarifləndirici tədbir keçirilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, gənclərin məşğulluğunun təmin edilməsinə və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim xüsusi diqqət göstərildiyini qeyd edib.

Bildirilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun artırılması məqsədilə onlara nümunəvi investisiya layihələri təqdim edilir, güzəştli kreditlər verilir, gənclər ixtisasartırma üçün xarici ölkələrə göndərilir, gənc sahibkarlar üçün müxtəlif treninqlər keçirilir.

İndiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4631 gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər 14200-dən çox yeni iş yerinin açılmasına imkan verir.

İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator da gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə çıxışında dövlət başçısının Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Sabunçu rayonunda da yeni istehsal və xidmət sahələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını qeyd edib, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Nardaran qəsəbəsi üzrə nəzərdə tutulan tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara uyğun olaraq, Nardaran qəsəbəsində infrastrukturun yenidənqurulması, abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Bakı şəhərində və regionlarda sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verib.

Tədbirdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti