...

ADA Universitetinin tələbələri ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 15 Mart 2016 17:34 (UTC +04:00)
ADA Universitetinin 1000 nəfərdən çox yerli və xarici tələbəsi, "Coca-Cola" şirkətinin nümayəndələri, həmçinin paytaxt sakinləri Novruz bayramının ilaxır çərşənbəsində universitetin yaxınlığında yerləşən Dədə Qorqud parkında ağacəkmə aksiyasında iştirak ediblər.
ADA Universitetinin tələbələri ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

ADA Universitetinin 1000 nəfərdən çox yerli və xarici tələbəsi, "Coca-Cola" şirkətinin nümayəndələri, həmçinin paytaxt sakinləri Novruz bayramının ilaxır çərşənbəsində universitetin yaxınlığında yerləşən Dədə Qorqud parkında ağacəkmə aksiyasında iştirak ediblər.

Trend-in məlumatına görə, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, ağacəkmə aksiyası ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, "Coca-Cola" şirkəti və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi "Ağac əkək, təbiətə töhfə verək" adlı layihəsinin bir hissəsidir.

2014-cü ilin fevral ayında başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Bu günədək layihə çərçivəsində Azərbaycanda 30 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 15 min ağacın əkilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. "Coca-Cola" və ADA Universitetinin ağacəkmə layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir.

"Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin inkişafına töhfə verdiyini qeyd edib: "Соса-Cola" dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir və hər bir ölkənin sosial və ekoloji inkişafı istiqamətində işlər görür. "Ağac əkək, təbiətə töhfə verək" layihəsi bizim Azərbaycanın ekosistemin yaxşılaşdırılmasına olan əhəmiyyətli töhfəmizin bir hissəsidir. Bu gün Bakımızın gözəl parklarından olan Dədə Qorqud parkında Novruz bayramı ərəfəsində tərəfdaşlarımız ADA Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağac əkmək bizim üçün çox sevindiricidir. Fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirik, hər bir ailəyə bayram sevinci, xoş günlər arzu edirik".

Ağacəkmə aksiyası çərçivəsində ötən ay vaxtsız vəfat etmiş "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becelin xatirəsinə ağac əkilib, mərhumun xatırəsi bir dəqiqəlik sükutla yad edilib.

Dədə Qorqud parkında keçirilən ağacəkmə aksiyasından sonra ilaxır çərşənbədə ADA Universitetində IV Bahar Gənclik Festivalı təşkil olunub. Festival sərgi, konsert, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və ilaxır çərşənbənin bu kimi özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti