...

ADA universitetinin təşkilatçılığı ilə Bakıda "Ağac əkək, təbiətə töhfə verək" aksiyası (FOTO)

Cəmiyyət Materials 16 Mart 2016 13:32 (UTC +04:00)
Bakının mərkəzində “Ağac əkək, təbiətə töhfə verək” şüarı altında növbəti yaşıllaşdırma aksiyası keçirilib.
ADA universitetinin təşkilatçılığı ilə Bakıda "Ağac əkək, təbiətə töhfə verək" aksiyası (FOTO)

Bakı. Trend:

Bakının mərkəzində "Ağac əkək, təbiətə töhfə verək" şüarı altında növbəti yaşıllaşdırma aksiyası keçirilib.

Aksiyada ADA universitetinin müəllim və tələbələri, "Coca-Cola" şirkətinin əməkdaşları və Bakı əhalisi iştirak edib

ADA universitetinin rektoru Hafiz Paşayev, universitetin yerli və xarici tələbələri, "Coca-Cola" şirkətinin nümayəndələri, həmçinin paytaxt sakinləri Novruz bayramının ilaxır çərşənbə axşamında universitetin yaxınlığında yerləşən Dədə Qorqud parkında ağacəkmə aksiyasında iştirak etmək üçün bir araya gəliblər.

Sözügedən ağacəkmə aksiyası ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, "Coca-Cola" şirkəti və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi "Ağac əkək, təbiətə töhfə verək" adlı layihəsinin bir hissəsidir.

2014-cü ilin fevral ayında başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Bu günədək layihə çərçivəsində Azərbaycanda 30 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 15 min ağacın əkilməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır.

"Coca-Cola" və ADA Universitetinin ağac əkintisi layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib: "Bu tədbir "Coca-Cola", ADA Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığının ölkəmizi gözəlləşdirəcək daha bir "yaşıl nəticə"sidir.

Ağacəkmə aksiyasında iştirak edən hər bir kəsi ilaxır çərşənbə axşamı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm".

Öz növbəsində "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin inkişafına olan töhfəsini qeyd etmişdir: ""Coca-Cola" dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir və hər bir ölkənin sosial və ekoloji inkişafı istiqamətində işlər görür. "Ağac əkək, təbiətə töhfə verək" layihəsi bizim Azərbaycanın ekosistemin yaxşılaşdırılmasına olan əhəmiyyətli töhfəmizin bir hissəsidir. Bu gün Bakımızın gözəl parklarından olan Dədə Qorqud parkında Novruz bayramı ərəfəsində tərəfdaşlarımız ADA Universiteti və Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə ağac əkmək bizim üçün çox sevindiricidir. Fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirik, hər bir ailəyə bayram sevinci, xoş günlər arzu edirik".

Ağacəkmə aksiyası çərçivəsində ötən ay vaxtsız vəfat etmiş "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becelin xatirəsinə ağac əkilib, mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dədə Qorqud parkında keçirilən ağacəkmə aksiyasından sonra, Novruz bayramının ilaxır çərşənbə axşamında ADA Universitetində IV Bahar Gənclik Festivalı təşkil olunub. Festival sərgi, konsert, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib, ADA Universitetinin Tədris mərkəzinə əsl bayram ab-havası gətirib.

ADA Universitetində qurulan "Coca-Cola" səhnəsində ADA Universitetinin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, universitetin tələbələri arasında keçirilən "Geyiminə milli ornament əlavə et" müsabiqəsinin qalibləri mükafatlandırılıb, həmçinin Azərbaycanın xalq artisti və digər müğənnilər qonaqları mahnıları ilə sevindirib.

"Ağac əkək, təbiətə töhfə verək" layihəsi çərçivəsində Dədə Qorqud parkında keçirilən ağacəkmə aksiyası dövlət, biznes və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı ilə dayanıqlı sosial məsuliyyət proqramlarının həyata keçirilməsi nümunəsidir. Layihə, həmçinin, bir-birinə yaxın ərazidə yerləşən bir neçə qurumun təbiəti qorumaq və ona fayda vermək üçün bir araya gəlməsini təmin edərək mehriban qonşuluq prinsipinə töhfə verir.

Hazırda su ehtiyatlarının ağac əkərək qorunması və artırılması dünyada bu məqsədlə həyata keçirilən ən səmərəli və populyar mexanizmlərdəndir.

Ağaclar suyun düzgün istismar edilməsində mühüm rol oynayır. Belə ki, ağaclar planetdə yağıntının miqdarını və yağış sularının çay, dəniz və okeana axınını artırır, su axınlarını tənzimləyir, eroziya və daşqınları azaldır, su təchizatını sterilləşdirir və ümumilikdə suyun keyfiyyətini artırır.

Həmçinin, ağaclar öz kölgələrini daha qısa kol və çəmənliklərin üzərinə salmaqla bu bitkilərin suya olan tələbatını azaldırlar. Su ehtiyatlarını qorumaq və bərpa etməklə yanaşı, ağaclar havanın çirklənməsinin qarşısını alır, kimyəvi dövriyyəyə, eləcə də, planetdə suyun uzun müddət torpaqda saxlanılmasına yardımçı olur və eko-sistem daxilində enerji axınını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti