...

Məhkəmə həbsdə olan şairin üç vəsatətini rədd etdi

Cəmiyyət Materials 28 Mart 2016 16:06 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs edilən yazıçı-şair Saday Şəkərlinin (Şəkərov) işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə Trend-ə S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və müdafiə tərəfi bir neçə vəsatət qaldırıb: "Biz Saday Şəkərlinin barəsindəki həbs qətimkan tədbirinin "ev dustaqlığı" ilə əvəzlənməsi, zərərçəkmiş və onun hüquqi nümayəndəsinin statuslarının ləğv edilməsi, Saday Şəkərli və Vergilər Nazirliyinin əməkdaşı Asif Cahangirovun telefon danışıqlarının çıxarılması, məhkəmə prosesində Saday Şəkərlinin ittiham kürsüsündə deyil, məhkəmə zalında oturması barədə vəsatətlər qaldırdıq. Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Baş prokuror Zakir Qaralova Saday Şəkərli barədə müraciətini də məhkəməyə təqdim etdik. Məhkəmə Saday Şəkərli və Asif Cahangirovun telefon danışıqları barədə vəsatətimizi təmin, digər vəsatətlərimizi isə rədd etdi".

Vəkil deyib ki, iş üzrə növbəti məhkəmənin baxış iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan onun barəsində faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti