Bakı. Trend:
Martın 31-də ADA universitetində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəssəmlar ittifaqının dəstəyi ilə "Konfliktlərin ictimai həyata və gənclərin fəaliyyətinə təsiri" layihəsi ilə bağlı tədbir keçirilib. Əvvəlcə layihə haqqında "Konfliktərin rəngi" adlı rəsm sərgisi və təqdimat videosu nümayiş etdirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycanda akreditə olunmuş səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, professorlar və gənclər təşkilatların nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Milli Məclisi Gənclər və İdman Komitəsinin, eyni zamanda Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov layihə haqqında ətraflı məlumat verib. Millət vəkili bildirib ki, layihənin əsas məqsədi konfliktlərin, soyqırımların, terror aktlarının ictimai həyata və gənclərin fəaliyyətinə göstərdiyi təsiri yerli və əcnəbi gənclərin nəzərinə çatdırmaqdır.
Fuad Muradov qeyd edib ki, bu gün hər birimiz üçün Azərbaycanın ərazi bütövlüyü məsələsi əsas istiqamət təşkil etməlidir: "Ölkə Prezidenti cənab İlham Əliyevin siyasəti sülh istiqamətlidir. Biz hər zaman dünyada konfliktlərin, terrorun əleyhinə olmuşuq. Lakin eyni zamanda terrora məruz qalmışıq. Məhz ermənilər tərəfindən törədilən 31 mart dünya Azərbaycanlılarının soyqırımı günü, Xocalı soyqırımı buna əyani sübutdur. Bu layihə isə gənclərin beynəlxalq və lokal konfliktlərin həllində iştirakının artırılması, konfliktlərdən zərər çəkmiş gəncləri vətəndaş hüquqları haqda maarifləndirilməsinə xidmət edir. Layihənin digər bir başlıca nəticəsi yerli gənclərin beynəlxalq səviyyədə əməkdaşlığa daha açıq olmaq, onların beynəlxalq layihələrdə daha ixtisaslaşmış və təcrübəli fəaliyyətinə nail olmaqdır".
ADA Universitetinin vitse-prezidenti Fariz İsmayılov çıxış edərək tarixdə Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımları xatırlayaq bildirib ki, bu faktlar gənc nəslə aşılanmalıdır. Çünki dövlət və dövlətçiliyimizin qorunmasında bu vacib amillərdəndir. Eyni zamanda bu cür layihələrin, ideyaların gələcəkdə də dəstəklənməsi vacib məsələlərəndir.
Çıxış edən millət vəkilləriRövşən Rzayev, Adil Əliyev və Sevinc Hüseynova qeyd ediblər ki, gənclərin beynəlxalq müdafiəsi ictimai həyatın bütün sahələrində onların hüquqlarına hörmət və əməl olunmasının təmin edilməsi, həmin hüquqların təminat səviyyəsinin və mexanizmlərinin artırılması məqsədi ilə dövlətlərin və müvafiq beynəlxalq təşkilatların əməkdaşlığını tənzim edən beynəlxalq hüquq normalarının yaradılması gərəklidir.
Azərbaycan Rəssəmlar İttifaqının katibi xalq rəssamı Ağəli İbrahimov, sənətşünasDilarə Müzəfərliçıxış edərək sorqırımı və konfliklər mövzusunda məhz rəsm sərgisinin seçilməsinin əhəmiyyətinindən danışıb. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı Anar Nağıyev məruzə ilə çıxış edib.
Tədbir müxtəlif mövzularda məruzələrlə davam edib. Sonda əldə olunmuş nəticələr barədə fikir mübadiləsi aparılıb. Sonda "Konfliktlərin rəngi" rəsm sərgisinin mükafatlandırma mərasimi keçirilib. Peşəkar və həvəskar rəssamlar diplomlar və hədiyyələrlə mükafatlandırılıb.