...

Səttar Mehbalıyev: Ordumuz düşmənə layiqli cavab verdi (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2016 15:05 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) işğalçı erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin xatirəsini yad etmək və ordumuza dəstək nümayiş etdirmək məqsədilə geniş tədbir keçirilib.

AHİK-dən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev açıb. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri son günlər cəbhə bölgəsində yaşanan vəziyyətlə əlaqədar ətraflı məlumat verib. O bildirib ki, mənfur qonşularımız Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə zərbələr endirirdilər: "Son bir neçə gündə onlar daha da azğınlaşmışdılar. Ordumuz isə bu hücumlara qarşı əks-tədbirlər görərək onların strateji mövqelərini darmadağın edib. Şanlı ordumuzun əsgərləri onlara layiqli cavab veriblər. Onlar öz şücaətləri ilə Azərbaycan Ordusunun nəyə qadir olduğunu azğın düşmənə göstərdilər. Hər zaman danışıqlar prosesindən qaçan ermənilər indi yalvarırlar ki, gəlin atəşkəs elan edək, münaqişəni dinc yolla həll edək".

S.Mehbalıyev deyib ki, Azərbaycan Ordusu möhkəmlənib, çox güclüdür, qüdrətlidir: "Bunu artıq Ermənistan hərbçiləri də etiraf edir. Ermənistan rəhbərliyi verdikləri itkiləri öz əhalisindən gizlədir. Bunu tədricən açıqlayır. Çünki bilir ki, verəcəyi məlumatlar geniş etiraza səbəb olacaq, kütləvi narazılıq yaranacaq və Ermənistan xalqı bunun səbəbini soruşacaq".

AHİK sədri qeyd edib ki, ordumuzun döyüş əhvali-ruhiyyəsi çox yüksəkdir: "Ölkə Prezidenti cənab İlham Əliyev yaralı əsgərlərimizi ziyarət edərkən onlar ölkə başçısına bir daha bildiriblər ki, sağalan kimi cəbhə xəttinə qayıdaraq Vətənin keşiyində durmağa hazırdırlar. Bu bizim insanlarımızın mübarizliyindən xəbər verir".

S.Mehbalıyev bildirib ki, mövqeyindən asılı olmayaraq hər bir ictimai təşkilat ordumuza dəstək verməlidir: "Cəbhədə şəhid olan və yaralanan hər bir əsgər ailəsinə həm mənəvi, həm də maddi yardım, köməklik göstərilməlidir. Biz də Azərbaycan Həmkarlar İttifaqları olaraq, öz imkanlarımız daxilində köməklik göstərməyə çalışacağıq və buna hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti