Bakı. Trend:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamı aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına, onların özünüməşğulluğunun təmin olunmasına mühüm dəstəkdir".
Bunu KİV-ə müsahibəsində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.
S.Müslümov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq aztəminatlı vətəndaşların sosial təminatının gücləndirlməsi işləri ilə yanaşı, onların aktiv əmək bazarı proqramlarına cəlb olunması məsələsinə xüsusi diqqət yetirilir, bununla bağlı müvafiq təhlillər aparılır.
Hələ ötən il Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə Göyçay və Şamaxı rayonlarında reallaşdırılan pilot layihələr çərçivəsində seçilmiş 32 aztəminatlı ailənin müxtəlif sahələr üzrə öz ailə biznes təsərrüfatlarını yaradaraq, özünüməşğulluq imkanlarına yiyələnmələri təmin olundu.
Eyni zamanda BƏT-in təqdim etdiyi məlumatlar əsasında müvafiq sahədə dünya praktikası nəzərdən keçirilərək, iqtisadiyyatın tələblərinə uyğun şəkildə və məşğulluq imkanlarının artırılması üçün aztəminatlı ailələrlə bağlı aktiv əmək bazarı proqramlarının hazırlanması diqqətdə saxlanıldı: "Möhtərəm dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə bu sahəyə, yəni əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb və bu Sərəncam həmin pilot layihələr üzrə özünü doğrultmuş praktikanı bütün ölkə üzrə genişləndirməyə imkan verir".
Bir il bundan öncə ünvanlı sosial yardımın verilməsinin müddətinin 1 ildən 2 ilə qaldırıldığını qeyd edən nazir əlavə edib ki, hətta bu gün hər hansı bir ünvanlı sosial yardım təyin olunmasa belə, bu gün bazada ola 120 mindən artıq ailə ən azı bir il ərzində ünvanlı sosial yardım almaqda davam edəcək.
Bu müddət ərzində həmin ailələrin əməkqabiliyyətli üzvlərinin aktiv əmək bazarına cəlb olunması üçün proqramların tətbiqi istiqamətində işlər həyata keçirilməlidir.
Aparılan təhlillər zamanı hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 120 minədək ailənin təqribən 45 faizi valideynlərdən biri olmayan, əmək qabiliyyətli üzvləri olmayan, tərkibi əsasən sağlamlıq imkanları məhdud uşaqlardan, əlilliyi olan şəxslərdən, yaxud yaşı 65-dən yuxarı insanlardan və s. ibarət olan, həmçinin 4 və daha çox uşağı olan ailələrdir. Belə ailələr ailə müavinəti almaqda davam edəcəklər.
Digər ailələr də vardır ki, onlarda əmək fəaliyyəti ilə məşğul olmaq üçün azı iki nəfər əmək qabiliyyətli ailə üzvləri vardır. Belə ailələrin öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi təminatını təmin etmək imkanları var. "Sərəncama əsasən, 68 rayonun hər biri üzrə 20 ailə seçilməklə, onların hər birinə kiçik biznes təsərrüfatlarını qurmaq üçün 4 min manat məbləğində vəsait ayrılması işlərinin aparılması nəzərdə tutulur".
S.Müslümov bildirib ki, bununla əlaqədar BƏT-in ekspertləri ölkəmizə gələcək. Qeyd edilən proqrama cəlb edilmək üçün ailələrin seçilməsi və kiçik biznes təsərrüfatlarınıın yaradılmasının onlara öyrədilməsi üçün həmin 68 rayonun hər biri üzrə 2 nəfər, yəni ümumilikdə 136 ekspert hazırlanması üçün onlara kurs keçiləcək.
Beləliklə də təqribən 3 aylıq müddətdən sonra artıq bu aktiv əmək bazarı proqramına, təsərrüfatların formalaşdırılmasına başlanacaq. Sonrakı mərhələdə belə proqramların bütün ölkə üzrə tətbiqi işlərinin daha da genişləndirilməsi təmin olunacaq.
Həmin ailələrin bu sahədə fəaliyyəti nəzarətdə saxlanacaq. Onlara veriləcək təsərrüfat əşyalarının, mal-qaranın və s. sığortalanması da təmin ediləcək.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamının uğurla icra olunması üçün nazirlik tərəfindən məqsədyönlü işlərin görüləcəyini vurğulayıb.