Bakı. Trend:
Vətəndaş Adil Əliosmanovun oğlu Qurban Əliosmanovun səhhətinin pozulmasının istehsalatla əlaqəliliyinin müəyyən edilməməsi ilə bağlı şikayət xarakterli müraciətində yer alan fikirlər böhtan xarakteri daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Nazirlik rəsmisi bildirib ki, Q.Əliosmanovun Biləcəri Lokomotiv deposunda iş vaxtı ağır yükü aşağı endirərkən bel nahiyəsində yaranmış ağrılarla bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində diqqətlə araşdırılıb: "Araşdırma zamanı məlum olub ki, Qurban Əliosmanov 2013-cü ilin 05 iyun tarixində iş vaxtı elektrovozun ehtiyat hissəsini qaldırarkən bel nahiyəsində ağrı hiss edib. Bu səbəbdən o, 2013-cü ilin 08 iyun tarixində 2 saylı Dəmiryol poliklinikasına, 2013-cü ilin 10 iyun tarixində isə "Avrasiya" klinikasına müraciət edib və sonra stasionar müalicə üçün Mərkəzi Dəmiryol Xəstəxanasına qəbul olunub. 2013-cü ilin 20 iyul tarixində Q.Əliosmanov Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə Klinikasında müayinə olunarkən ona konsiliumun rəyinə əsasən "Lyumbaqo. Sağ tərəfli radikulyar ağrı sindromu" diaqnozu qoyulub".
Həmin diaqnoza uyğun xəstəliyin istehsalatla əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün Q.Əliosmanovun müayinə olunduğu "Avrasiya" klinikasına müraciət edildiyini və müraciətə cavab olaraq, həmin xəstəliyin yaranma səbəbini və zamanını müəyyənləşdirməyin mümkün olmadığı bildirilib. Eyni zamanda Q.Əliosmanovla eyni növbədə işləyən Əliyarov Elvin Əhmədağa oğlu izahatında Q.Əliosmanovun hadisədən əvvəl də belində ağrılarının olduğunu qeyd edib. Q.Əliosmanov özü də izahatında hadisədən 5-10 gün əvvəl dostunun evində divanı aşağı mərtəbəyə endirərkən bel nahiyəsində ağrı hiss etdiyini bildirib. Beləliklə də Q.Əliosmanovun səhhətinin pozulmasının istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu məsələnin təhqiqatı aparılmayıb.
E.Babayev vurğulayıb ki, lakin onun atası Adil Əliosmanov əmək və əhalinin sosial müdafiəsi nazirinin qəbulunda olaraq həmin hadisənin yenidən araşdırılmasını xahiş edib və məsələ yenidən araşdırılıb. Nazirin göstərişi ilə Q.Əliosmanovun müayinə olunaraq qeyd edilən diaqnozun yaranma səbəbinin müəyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinə məktub ünvanlanıb: "Səhiyyə Nazirliyinin baş nevroloqunun cavab məktubunda da Q.Əliosmanovun mərkəzi və periferik sinir sistemi tərəfindən ocaqlı dəyişikliklərin aşkarlanmadığı qeyd edilib və onun səhhətinin pozulması halının istehsalatla əlaqəliliyi müəyyən olunmayıb. Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məsələnin təhqiqatı aparılmayıb".
E.Babayev əlavə edib ki, bu barədə A.Əliosmanov müvafiq qaydada cavablandırılıb, həmçinin ona bildirilib ki, qeyd edilənlərlə razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ var: "Göründüyü kimi, vətəndaşın müraciəti dəfələrlə araşdırılıb. Bununla belə, A.Əliosmanov müxtəlif instansiyalara guya onun oğlunun səhhətindəki pozulmanın istehsalatla əlaqəliliyinin düzgün araşdırılmadığı, bu sahədə qanun pozuntusuna yol verildiyi kimi əsassız və böhtan xarakterli müraciətlər ünvanlamaqla istəyinə məhz bu cür vasitələrlə nail olmağa cəhd edir".