...

Dövlət Miqrasiya Xidməti Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2016 12:21 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti tərəfindən Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərilib.
Dövlət Miqrasiya Xidməti Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərib (FOTO)

Bakı. Trend:

Dövlət Miqrasiya Xidməti tərəfindən Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərilib.

Bu barədə Trend-ə Xidmətin Mətbuat xidmətindən məlumat verilib.

Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Ağcabədidə əvvəlcə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, vətəndaşların, aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Ağcabədi rayon Mədəniyyət Mərkəzində baş tutan görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət şərh olunub.

Regional idarənin və Xidmət aparatının məsul əməkdaşları dünyada baş verən miqrasiya prosesləri və Azərbaycan dövlətinin miqrasiya siyasəti, respublikamızda vətəndaşsızlıq hallarının aradan qaldırılması haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Avropada yaşanan miqrant böhranı göstərdi ki, miqrasiya siyasəti düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməlidir. Çünki, bu məsələ ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir.

Görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə yaradılmış şəraitdən söhbət açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunmasının, qeyri-neft sektorununun inkişafının, iqtisadi sahədə uğurlu islahatların, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsinin, tolerantlığın dünya üçün nümunə olduğuna diqqət çəkilib.

Qeyd olunub ki, bütün bu məqamlar Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici edib. Ölkəmizdə isə miqrasiya sahəsində vaxtında həm mükəmməl qanunvericilik bazasının yaradıldığı, həm də dövlət başçısının diqqət və qayğısı nəticəsində DMX aparatının və 8 regional miqrasiya idarəsinin, Bakı şəhərində və Yevlaxda müasir standartlara cavab verən Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin tam gücü ilə fəaliyyət göstərməsinin təmin olunduğu vurğulanıb.

İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyi bildirilib.

Vətəndaşsızlıq hallarının aradan qaldırılmısı istiqamətində Xidmətin görüdüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlərlə bağlı məlumatlar diqqətə çatdırılıb.

Tədbirdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib.

Qeyd olunub ki, əvvəllər işəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri haqqı ödənilən əmək fəaliyyətinə cəlb edərkən iş icazəsinin verilməsinə görə dövlət rüsumunun məbləği müddətdən asılı olmayaraq 1000 manat olduğu halda, dəyişikliyə əsasən 3 ay, 6 ay və 1 il müddətinə verilən iş icazələrinə görə müvafiq olaraq 350, 600 və 1000 manat məbləğində dövlət rüsumu ödənilir.

Həmçinin, təhsil ocaqları və yerli icra strukturları rəhbərlərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin tezləşdirilməsi üçün köməklik göstərsinlər.

Dövlətimizin humanist mahiyyətindən irəli gələrək yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına, eləcə də ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə dövlət rüsumları yetkinlik yaşına çatmış şəxslər üçün nəzərdə tutulan məbləğin 50%-i miqdarında müəyyən olunub.

Görüşdə bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, olduğu yeri dəyişdikdə, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalı olduğunun vacibliyi iştirakçıların nəzərlərinə çatdırılıb.

Sonda suallar cavablandırılıb.

Daha sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 124 şəxs istifadə edib. Onlardan 94 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 3 nəfərdən müvəqqəti, 2 şəxsdən daimi yaşama icazələrinin verilməsi, 1 şəxsdən vətəndaşlıq məsələsi ilə bağlı sənədlər qəbul olunub.

4 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 2 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 18 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
İştirakçılar səyyar xidmətin və maarifləndirmə işinin təşkilindən razı qaldıqlarını bildiriblər.

Səadət Kazımova bildirib: "Bu gün burda keçirilən tədbir ağcabədililərin ürəyincədir. Dövlət Miqrasiya Xidmətinin keçirdiyi tədbirdə biz istədiyimiz suallara cavab aldıq. Həm də burda göstərilən səyyar xidmət müraciət edənlərin əlavə vaxt itkisinin qarşısının alınması deməkdir. Ona görə də bu xidmətin təşkili, bizə göstərilən diqqət və qayğı üçün cənab Prezidentimizə dərindən təşəkkür edirik".

Eldar Əliyev deyib:" Bu gün mən nəvəmin vətəndaşlıq mənsubiyyəti ilə bağlı arayış almaq üçün müraciət etdim. Sağ olsunlar, biz heç bir əziyyət çəkmədik, uzaq yol qət etmədik Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Ağcabədiyə gəlib bizim müraciətləri yerindəcə qəbul etdilər, sənədləri götürdülər. Həm ölkəmizin vətəndaşalarına, həm də xarici vətəndaşlara yaradılan şəraitə görə cənab Prezidentimizə minnətdarlıq edirəm".

Polad Musayev də minnətdarlığını bildirərək vurğulayıb:" Dövlət Miqrasiya Xidmətinin əməkdaşları bu gün Ağcabədidədilər. Əvvəlcə bizimlə maarifləndirici söhbət apardılar. Bilmədiyimiz məslələrlə bağlı bizə geniş arayış verdilər. Vətəndaşların əziyyət çəkməmələri, Yevlax regional miqrasiya idarəsinə getməmələri üçün Ağcabədidə səyyar xidmət təşkil etdilər. Bu çox tədirəlayiqdir. Ümumiyyətlə, Dövlət Miqrasiya Xidmətinin bu günkü işi Prezident İlham Əliyevin vətəndaşlara olan qayğısının bariz nümunəsidir. Buna görə də tədbir iştirakçıları adından və öz adımdan cənab Prezidentimizə təşəkkürümü bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti