Bakı. İlhamə İsabalayeva - Trend:
ADA Universitetinin bakalavriat səviyyəsi üzrə müsabiqəsinə SAT imtahanı nəticələrinin təqdim olunması müddəti uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, may ayında SAT imtahanına daxil olacaq şagirdlərin müraciətlərini və həmin imtahan nəticələrinin iyun ayının ortalarında elan olunacağını nəzərə alaraq, TQDK ADA Universiteti ilə razılaşmaya əsasən, 2016/2017-ci tədris ili üçün ADA Universitetinin bakalavriat səviyyəsi üzrə müsabiqəyə SAT imtahanı nəticələrinin təqdim olunması müddətini iyun ayının 15-ə qədər uzatdı. (I-IV ixtisas qrupları üzrə abituriyentlərin elektron ərizələrinin təsdiqi müddəti elan olunduğu kimi aprelin 1-dən 28-dək aparılacaq).
Qeyd edək ki, may ayında keçiriləcək SAT imtahanı yeni struktur əsasında təşkil olunacağına görə, imtahan nəticələrinin əvvəlki aylarda keçirilən SAT imtahanlarına nisbətən gec elan olunması gözlənilir.