...

Ceyhun Bayramov: Doktoranturanı bitirənlərin əksəriyyəti ali məktəblərdə işləməyə üstünlük vermir

Cəmiyyət Materials 24 May 2016 12:09 (UTC +04:00)
Doktoranturanı bitirən gənclərin əksəriyyəti ali məktəblərdə qalıb işləməyə üstünlük vermir.
Ceyhun Bayramov: Doktoranturanı bitirənlərin əksəriyyəti ali məktəblərdə işləməyə üstünlük vermir

Bakı. İlhamə İsabalayeva - Trend:

Doktoranturanı bitirən gənclərin əksəriyyəti ali məktəblərdə qalıb işləməyə üstünlük vermir.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimində çıxış edərkən deyib.

2009-2013-cü illərdə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin doktoranturasının fəlsəfə doktoru proqramı üzrə bitirən 577 nəfərdən yalnız 125 nəfəri, yəni 21,6 faizi universitetlərdə işlə təmin olunub.

Nazir müavini əlavə edib ki, doktoranturanı bitirənlərin böyük əksəriyyətı elmi işlərini vaxtında müdafiə etmir.

C.Bayramovun sözlərinə görə, hazırda ölkəmizdə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 5320 nəfər təhsil alır. Hazırda 116 elmi təşkilatda və ali təhsil müəssisəsində doktoranturalar fəaliyyət göstərir. Doktorantura və dissertantlıq yolu ilə təhsil alanların 44 faizi elmi təşkilatların, 56 faizi ali təhsil müəssisələrinin payına düşür.

C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Bu islahatlar təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradıb.

Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir müavini deyib ki, ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.

C.Bayramov gənclərin potensialının tam realizə edilməsinə imkan verən təhsil mühitinin yaradılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan gənclərimizin yüksək intellektə malik hissəsi xüsusi qayğı ilə əhatə olunur və onların özlərini təsdiq etməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. İntellektual potensialın qorunması məqsədi ilə yüksək ixtisaslı kadrların fasiləsiz hazırlanması prosesi həm respublikamızın, həm də xarici ölkələrin ən nüfuzlu universitetlərində həyata keçirilir.

Nazir müavini bildirib ki, "Thomson Reuters" Agentliyinin bazasına daxil olan jurnalların elmi ictimaiyyət arasındakı nüfuzunu nəzərə alaraq, eləcə də Azərbaycan alimləri və doktorantları üçün bu bazadan istifadə etmək imkanını yaratmaq və alimlərimizin elmi fəaliyyətinə dair elmimetrik göstəriciləri əldə etmək məqsədilə Təhsil Nazirliyi "Thomson Reuters" Agentliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə vasitəsilə bu Agentliyin məhsul və xidmətlərinə, eləcə də "Web of Science" platformasının bazasına çıxış imkanı yaradılıb. Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi "Thomson Reuters"in bazasına daxil olan jurnallarda çap edilmiş elmi əsərlərə görə hər ilin sonunda müəlliflərin mükafatlandırması üçün müsabiqə keçirməyi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti