...

P.İ.Çaykovski adına festivalda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycan günü keçirildi (FOTO)

Cəmiyyət Materials 23 İyun 2016 15:55 (UTC +04:00)
Azərbaycanın xalq artisti, tanınmış pianoçu Murad Hüseynov və əməkdar artist, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov Moskva vilayətinin Klin şəhərində keçirilən P.İ.Çaykovski adına II Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan günündə uğurla çıxış ediblər.
P.İ.Çaykovski adına festivalda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycan günü keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycanın xalq artisti, tanınmış pianoçu Murad Hüseynov və əməkdar artist, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov Moskva vilayətinin Klin şəhərində keçirilən P.İ.Çaykovski adına II Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan günündə uğurla çıxış ediblər. “Vokal musiqisi axşamı” adlı konsert Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə təşkil edilib.

P.İ.Çaykovski Dövlət Qoruq-Muzeyinin kamera salonunda baş tutan konsertdən əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərmin Şirəliyeva çıxış edərək festivalın azərbaycanlı qonaqlarını təqdim edib, onların yaradıcılığı barədə məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev iki ölkə arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə əlaqələrin inkişaf etdiyini, Azərbaycan klassik musiqi nümunələrinin dünyanın ən mötəbər konsert səhnələrindən səsləndiyini vurğulayıb.

Azərbaycan vokal sənəti ulduzlarının iştirakı ilə konsert böyük uğurla keçib. Konsertdə Azərbaycan, rus və Avropa bəstəkarlarının sevilən əsərləri səslənib. İfaçılar tamaşaçıların sürəkli alqış sədaları altında dəfələrlə səhnəyə qayıdıb, məharətli ifaları ilə klassik musiqisevərlərin ruhunu oxşayıblar.

Konsertdən sonra Murad Hüseynov və Elçin Əzizov festival çərçivəsində Azərbaycan gününün təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlıqlarını bildiriblər, Rusiya musiqisevərləri ilə görüşdən məmnunluq ifadə ediblər.

Konsertin tamaşaçıları arasında olan Klin bələdiyyə rayonunun başçısı Alyona Sokolskaya Azərbaycan səhnə ustalarının çıxışını Klin şəhəri üçün mühüm mədəni hadisə adlandırıb. O deyib: “Konsert gözlədiyimizdən də uğurlu keçdi. Murad Hüseynov və Elçin Əzizovun ifaları ürəkləri riqqətə gətirməyə bilməzdi. Elə tamaşaçıların alqışları da bunu təsdiq etdi. Bu konsertdən sonra tamaşaçılarda da, elə mənim özümdə də Azərbaycana getmək, Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək arzusu yarandı. Düşünürəm ki, birgə musiqi gecələri və festivalları təşkil etməyimiz xalqlarımızın daha da yaxınlaşmasına kömək edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti