Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda bu il istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölüm hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi XidmətininƏməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu il iyulun 1-dək olan məlumata əsasən, istehsalatda bədbəxt hadisə zamanı 106 nəfər xəsarət alıb, 57 nəfər dünyasını dəyişib. Bədbəxt hadisələrin 5-i qrup halında baş verib.
Ötən ilin müvafiq dövründə isə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 20 nəfər ölüb, 46 nəfər xəsarət alıb, qrup halında isə hadisə baş verməyib: “Həmişə olduğu kimi bədbəxt hadisələr tikinti, mədənçıxarma sənayesi, emal sənayesində, enerji, nəqliyyat sektorunda və s. qeydə alınır. Hadisələrin baş verməsinin əsas səbəbləri hündürlükdən yıxılma, elektrik cərəyanı ilə təmas, sürüşmə-büdrəmə, zərbə və s. ilə bağlıdır. Yol-nəqliyyat hadisələrinin də sayı az deyil”.
Xatırladaq ki, bu gün “Baku Steel Company” zavodunda partlayış baş verib. Hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsini 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsi ilə cinayət işi başlanıb.