...

ADA Universiteti və "Təmiz Şəhər"in təşkil etdiyi yay düşərgəsi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 18 İyul 2016 14:33 (UTC +04:00)

Bakı. Trend:

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin məktəblilər üçün təşkil etdiyi yay düşərgəsi yekunlaşıb. İki həftə ərzində 80-dən çox şagird tullantıların idarə olunması, ətraf mühitin qorunması və digər mövzularda təlimlərdə, praktik məşğələlərdə və turlarda iştirak ediblər.

ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 18-də ADA Universitetində təhsil müəssisəsinin və Səhmdar Cəmiyyətin rəhbərliyindən nümayəndələrin iştirakı ilə yay düşərgəsinin yekunlarına dair tədbir keçirilib. İştirakçılar düşərgədə əldə etdikləri bilik, təcrübə və təəssüratları haqqında yekun qrup təqdimatları ediblər. Sonra yay düşərgəsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.

Düşərgə 20 iyun -18 iyul tarixlərində hər birində 40-dan çox yeniyetmə olan ardıcıl 2 qrup halında təşkil olunmuşdu. Bu müddət ərzində iştirakçılar tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak ediblər, "Təmiz Şəhər"in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına baş çəkib iş prosesi ilə yerində tanış olublar. Həmçinin, yeniyetmələr üçün Qalada yerləşən "Tullantıdan sənətə" muzeyinə tur təşkil olunub. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədilib.

Məktəblilərə, həmçinin kommunikasiya, media, fotoqrafiya, kompüter proqram təminatı kimi sahələr üzrə ölkənin ən öndə gedən mütəxəssisləri dərslər keçiblər. Düşərgənin akademik və yaradıcı hissədən ibarət olan proqramı ilə iştirakçılar ümumi dünyagörüşünü, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirib, yeni dostlar qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti