Bakı. Samir Əli-Trend:
Bakı Apellyasiya Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən yazıçı-şair Saday Şəkərlinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılıb və S.Şəkərlinin itiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü maddəsinə tövsif olunub. Məhkəmənin qərarı ilə onun cəzası 10 ildən 5 ilə endirilib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.