...

Dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışına görə lisenziya dayandırıla bilər

Cəmiyyət Materials 20 Sentyabr 2016 12:50 (UTC +04:00)
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılmasına görə hüquqi və fiziki şəxslərin lisenziyası dayandırıla bilər.
Dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışına görə lisenziya dayandırıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılmasına görə hüquqi və fiziki şəxslərin lisenziyası dayandırıla bilər.

Trend-in məlumatına görə, bununla bağlı “Dərman vasitətələri haqqında” qanuna yeni dəyişikliklər və əlavələr edilib.

Layihə Milli Məclisinin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Bildirilib ki, qanuna edilən yeni əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılır.

Qanunun 16-cı maddəsinə edilən digər əlavəyə görə isə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zərurui məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti