Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda 2016-cı ilin ötən dövrü ərzində istehsalatda 231 bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, baş vermiş bədbəxt hadisələr nəticəsində 76 nəfər ölüb. S.Mehbalıyev bildirib ki, ölüm hadisələri əsasən tikinti sahəsində baş verib.
S.Mehbalıyev qeyd edib ki, həmkarlar ittifaqları fəaliyyət göstərdiyi sahələrdə işçilərə təhlükəsiz əmək şəraitinin yaradılmasına çalışır: "Əsas məqsəd odur ki, işçilərə vaxtında təhlükəsizliklə bağlı təlimatlar keçirilsin, vətəndaş işə götürüldükdə onların təhlükəsizliklə bağlı bilikləri artırılsın".
O əlavə edib ki, işçilər özləri də diqqətli olmalı, sağlamlıqlarını və təhlükəsizliklərini qorumalı və işdə olarkən təhükəsizlik vasitələrindən düzgün istifadə etməlidirlər.
AHİK sədri deyib ki, dünya üzrə istehsalatda baş verən hadisələr nəticəsində ölənlərin sayı münaqişə və müharibələrdə ölənlərin sayından dəfələrlə çoxdur.