...

Gənclər üçün Təhsil Mərkəzi hesabat verdi (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2017 13:54 (UTC +04:00)
Bu gün Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.
Gənclər üçün Təhsil Mərkəzi hesabat verdi  (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.

Tədbirdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, mərkəz ötən illərdə olduğu kimi 2016-cı ildəki fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Qarabağ (Ağcabədi), Quba və Şirvan regional ofislərinin imkanlarında istifadə edib. Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Şəmkir rayonunda da nümayəndəliyini yaradıb.

Ötən il ərzində təşkilat “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirib. Sözügedən layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Unicef Bakı Ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq edib. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilib, ümumilikdə 10 min nəfərdən çox insan iştirak edib.

Hesabat dövründə “Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Multikultural marafon” adlı kampaniya həyata keçirilib, Azərbaycanın multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verildiyi, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunub.

İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Qanlı Yanvar, Xocalı soyqırımı, eyni zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunub, təbliğat işi aparılıb. Həmçinin, gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilib, 31 Mart azərbaycanlılarının soyqırımı günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilib.

Təşkilat Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Ağcabədi rayonlarında “Region Gənclərinin İnkişafına Dəstək Forumu”, 4 regionda “Qızıl Payız” Gənclərin Yaradıcılıq Festivalı keçirib, Gəncədə gənc rəssam Elçin Cəfərovun rəsmləri nümayiş olunub.

Bakı şəhərinin 7 rayonunda “Məktəblilərin Sağlamlıq Forumu”, Qarabağda uşaqlar üçün “Mobil göz klinikası” layihəsi, Gəncə şəhərində isə “Əlil Tələbələrin I Forumu”, “Sağlam gənclik” kampaniyası da baş tutub.

Təşkilat tərəfindən gənc jurnalistlərin praktiki və nəzəri biliklərinin artırılmasını nəzərdə tutan və 23 dərsdən ibarət “MediaMan” jurnalistika məktəbi də ötən il davam etdirilib.

Ötən il gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin Dağçılıq klubu tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə gənclərin yürüşü təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti