Bakı. Trend:
Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib.
Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Öncə Azərbaycan Dövlət himni səsləndirilib.
Giriş sözü ilə tədbiri açan BANM-in rektoru Elmar Qasımov 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanda gənclərin I forumunun keçirildiyini xatırladıb. O, bildirib ki, sözügedən forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan verib və məhz həmin günün əhəmiyyətini nəzərə alaraq 2 fevral tarixi gənclər günü kimi Azərbaycan tarixinə yazılıb. E.Qasımov həmin forumda şəxsi iştirakını xatırlayaraq, o dövrdə Ümummilli liderin qarşısında bir gənc olaraq çıxış etdiyini yada salaraq hər zaman qürur hissi keçirdiyini vurğulayıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən rektor gənclərin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli gənc mühəndislər yetişdirməkdir. Rektor bu ali təhsil ocağının qısa zaman kəsiyində əldə etdiyi uğurları və nailiyyətləri barədə danışıb. 2017-ci ilin Ali Məktəb üçün tarixi bir il olacağını, həmçinin bu il ilk məzunları yola salacağını deyib. E.Qasımov “Gənclər Günü” münasibətilə bütün gəncləri, o cümlədən BANM-in tələbələrini təbrik edərək, onlara xoşbəxt və uğurlu gələcək arzulayıb.
Tədbirin bədii hissəsində Ali Məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.
Sonda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzində “Dənizdə işləyən neftçilər və gəmi heyəti üzvləri üçün sağ qalma metodikası, fərdi xilasedici vasitələrdən istifadə və üzgüçülüyün əsasları” adlı təlimlərdə iştirak etmiş BANM-in tələbələri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.