Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi 2 balıqçını xilas edib.
DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, fevralın 3-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub.
Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.
Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.