Bakı. Trend:
Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində həyata keçirilən “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində (BDU) olub.
Universitetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb, bayram günlərində cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanı yaratdığını görə Təhsil Nazirliyinə təşəkkür edib. Ölkəmizdə iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində görülən işlərdən danışan rektor 2004-cü ildə prezident İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı BDU ilə bu ölkənin bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanmasından, BDU-da "Nanoaraşdırmalar mərkəzi" və "Nanomaterialların kimyəvi fizikası" kafedrasının açılmasından bəhs edib. Ötən müddət ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalara diqqət çəkən rektor “Kiçik zərrəciklərin böyük qüdrəti: nanotexnologiyalar” mövzusunda mühazirə demək üçün sözü BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevaya verib.
Dosent F.Hacıyeva XXI əsrin texnologiyası hesab olunan nanotexnologiya, onun tarixi, inkişaf xronologiyası, dünyada əsas tətbiq imkanları, o cümlədən BDU-da bu sahənin inkişafı və əldə edilən nəticələr barədə məlumat verib. Bildirib ki, universitetdə bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşıb, alimlərin araşdırmaları dünyanın bu istiqamətdə tədqiqat aparan mərkəzlərində çalışan mütəxəssislər, o cümlədən BDU-da mühazirə deyən Nobel mükafatları laureatları tərəfindən yüksək qiymətləndirilib. Mühazirəçi, eyni zamanda, nanotexnologiyanın hərbi sənaye, tibb, ekologiya sahələrində tətbiqi, nanorobotların gələcək fəaliyyəti, ətraf mühitin qorunmasında robototexnikanın rolu, nanotoksikologiya ilə alınan məhsulların artması, tətbiq sahələrinin genişlənməsi, xüsusilə ətraf mühitin qorunması və tibbi praktikada tətbiqi, aviasiya və kosmonavtikada istifadəsindən bəhs edib.
Mühazirədən sonra alim ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Novruz mühazirələri”nin əsas məqsədinin təhsil və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi olduğunu bildirib və Flora Hacıyevanın mühazirəsini yüksək qiymətləndirib.
Tədbirdə millət vəkilləri, AMEA-nın müvafiq institutları, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri, Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri iştirak ediblər.