...

Sabahdan Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi öz işinə başlayacaq

Cəmiyyət Materials 5 Aprel 2017 13:23 (UTC +04:00)
Sabahdan Bakıda “Iteca Caspian” şirkəti və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətinin təşkilatçılığı ilə 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər AITF - 2017 sərgisi öz işinə başlayacaq.
Sabahdan Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi öz işinə başlayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabahdan Bakıda “Iteca Caspian” şirkəti və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətinin təşkilatçılığı ilə 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər - AITF- 2017 sərgisi öz işinə başlayacaq.

Trend-in məlumatına görə, sərginin meneceri Cəmilə Quliyeva bu münasibətlə Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxış edərkən bildirib ki, aprelin 8-də yekunlaşacaq sərgi Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir.

“AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində çıxış edirlər.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Sloveniya və Stavropol vilayəti isə regional stendlə iştirak edəcəklərini təsdiq ediblər. Bu il ilk dəfə olaraq, Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcəklər. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətlərini qeyd etmək olar.

Azərbaycanın, eləcə də ölkə regionlarının, o cümlədən Qarabağ bölgəsinin daxili turizm potensialı bütün çalarları ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində təqdim ediləcək.

Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq.

“AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti