...

Akif Əlizadə: Əsas məqsəd elm və biznesin vəhdətinin təşkilidir (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2017 18:12 (UTC +04:00)
Elm və istehsalatın inteqrasiyasını təmin etmək Azərbaycan elmi üçün əhəmiyyətli yenilikdir.
Akif Əlizadə: Əsas məqsəd elm və biznesin vəhdətinin təşkilidir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Elm və istehsalatın inteqrasiyasını təmin etmək Azərbaycan elmi üçün əhəmiyyətli yenilikdir.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu AMEA Yüksək Texnologiyalar Parkı (YTP) ilə "EPC Group” MMC arasında əməkdaşlığa dair müqavilənin imzalanması mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə əməkdaşlıq perspektivlərindən söz açaraq bildirib ki, əsas məqsəd elm və biznesin vəhdətinin təşkilidir.

A.Əlizadənin sözlərinə görə, bu istiqamətdə əldə olunan nəticələr AMEA-nın elmi-ictimai həyatında mühüm nailiyyətlərə rəvac verəcək.

"EPC Group"un direktoru Məhəmməd Miyabi rəhbərlik etdiyi şirkətin elmi tədqiqat və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, əsasən mühəndislik üzrə ixtisaslaşan "EPC Group" böyük biznes komandasına və investisiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Müxtəlif ixtiraların, elmi tədqiqatların nəticələrinin tətbiqini həyata keçirən "EPC Group" texnologiyaların inkişafının uğurlu nəticələrini mövcud beynəlxalq şəbəkə imkanlarından istifadə etməklə kommersiyalaşdırmağı qarşıya məqsəd qoyub.

AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev deyib ki, bu gün imzalanan müqavilə ölkədə elmlə biznesin inteqrasiyasına dair ilk sənəd olacaq.

V.Babayev elmi ixtiraların kommersiyalaşdırılması nəticəsində əldə olunan məhsulların yalnız daxili bazar üçün deyil, eyni zamanda, xarici bazar üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonda iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi YTP-nın direktoru V.Babayev və "EPC Group” MMC-nin rəhbəri M.Miyabi imzalayıblar.

Müqavilədə "EPC Group"un fəaliyyəti üçün AMEA YTP-yə aid sənaye sahəsində lazımi şəraitin təmin olunması nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində innovativ layihələrin həyata keçirilməsi üçün laboratoriyaların müasir texniki avadanlıqlarla təchiz olunması, pilot qurğuların yaradılması məqsədilə lazım olan ərazinin təşkili və işçi qrupunun formalaşması məsələləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti